“28 May – Müstəqillik Günü”nə həsr edilmiş “Bizim bayrağımız qürur mənbəyimizdir” adlı tədbir keçirilib

27 may 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “28 May – Müstəqillik Günü”nə həsr edilmiş “Bizim bayrağımız qürur mənbəyimizdir” adlı tədbir keçirilib.

Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhər 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində baş tutan tədbirdə rəsm bacarığı olan 30 uşaq, eləcə də şəhid övladları və həssas təbəqədən olan uşaqlar iştirak edib.

Tədbir çərçivəsində təşkil olunan ustad dərsində uşaqlar rəsmlər çəkib, kompozisiyalar hazırlayıblar.

Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova müsəlman şərqində ilk demokratik cümhuriyyətin - müstəqil Azərbaycan dövlətinin yaranmasının 104 illiyi münasibətilə hər kəsi təbrik edib. Keşməkeşli tariximizə nəzər salan sədr müstəqilliyin bərpası bəyan edildikdən sonra Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti ilə bu müstəqilliyin bərqərar edildiyini və Azərbaycanın çox böyük inkişaf yolu keçdiyini bildirib. Ölkə prezidenti cənab İlham Əliyevin bu yolu davam etdirərək Azərbaycanı inkişafa, rifaha doğru apardığını və bu gün Vətən müharibəsində qazanılan Zəfəri çox böyük qürur hissi ilə qeyd etdiyimizi vurğulayıb.

Azərbaycan xalqı öz hədəflərinə məqsədyönlü şəkildə nail olan bir xalq olduğunu bildirən sədr, ulu öndərin “Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərini xatırlayıb və uşaqlara müraciət edib: "Sizlər o günəşin zərrələri kimi Azərbaycanın gələcəyini daha da parlaq edəcəksiniz. Gələcəyinizin çiçəklənməsi, rifah içərisində olması üçün biz mümkün olan hər şeyi edəcəyik. Biz sizlərə çox böyük ümidlərlə, qürurla baxırıq və inanırıq. Siz bu ruhda böyüyən gənclik olaraq Azərbaycanın gələcəyinin təminatçısı və sahibi olacaqsınız”.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək, cəmi 23 ay yaşamasına baxmayaq Cümhuriyyət dövrünün tariximizdə silinməz bir iz qoyduğunu qeyd edib. O, bu gün Zəfərli günlərimizi qeyd etdiyimizi, müqəddəslik rəmzi olan üçrəngli bayrağımızı qürurla səmalarda dalğalandırdığımızı söyləyib. Vətənpərvər nəslin yetişdirilməsində uşaqların belə tədbirlərə cəlb olunmasının əhəmiyyətindən bəhs edən nazir müavini, tədbirin keçirilməsi təşəbbüsünə görə Bahar Muradovaya təşəkkürünü bildirib.

Çıxışlardan sonra iştirakçılara həvəsləndirici sertifikatlar və hədiyyələr təqdim edilib. Sonda mərkəzin dərnək üzvləri, eləcə də vokal qrupu müxtəlif ifalarla çıxış ediblər.