Region məktəblərində uşaqların iştirakı ilə “İnternetdən təhlükəsiz istifadə üçün maariflənək” mövzusunda maarifləndirici təlimlər keçirilib
Paylaş:
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafını və qlobal məkanda internetdən istifadənin uşaqlar arasında geniş yayıldığını nəzərə alaraq, eləcə də “Azərbaycan Respublikasının Uşaqlara dair Strategiyasının həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun təbliği və məlumatlandırmanın aparılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən regionlarda maarifləndirmə təlimləri keçirilib.
Uşaqların kibertəhlükələrdən və zərərli informasiyalardan qorunması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, Dövlət Komitəsi 06-18 may 2022-ci il tarixlərində Qəbələ, İsmayıllı, Qusar, Lənkəran və Astara məktəblərinin 5-7-ci sinif şagirdlərinin iştirakı ilə “İnternetdən təhlükəsiz istifadə üçün maariflənək” mövzusunda təlimlər həyata keçirib.
Təlimlər Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin əməkdaşı Sevil Rəsulzadə və İKT sahəsində ixtisaslaşmış, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssis Ellada Mustafayeva tərəfindən aparılıb.
Təlimlər zamanı müasir dövrdə innovativ texnologiyaların imkanlarının genişləndirilməsi və ondan səmərəli istifadənin təmin edilməsi qaydaları, internetdə yaranan təhlükə və risklərdən müdafiə üsulları, bu istiqamətdə valideyn və müəllimlərlə məsləhətləşmənin vacibliyi məsələləri, şəxsi məlumatların qorunması üçün güclü şifrələrdən istifadə üsulları, sosial şəbəkələrdən istifadə zamanı əməl edilməsi vacib olan qaydalar barədə ətraflı məlumat verilib.
Təlimçilər xüsusilə vurğulayıblar ki, internetdə əsas təhlükələrdən biri uşaqların kiber cinayətkarların hədəfinə düşməsidir. Eyni zamanda, onlayn məkanda pornoqrafiya, pedofiliya, uşaq alveri, zorakılıq, narkomaniya, terrorizm, zərərli vərdişləri təbliğ edən informasiyalar da alır ki, uşaqlar da asanlıqla həmin məlumatlarla rastlaşır. Bu kimi təhlükələrin qarşısının alınması istiqamətində 2020-ci ildə qüvvəyə minən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun uşaqlar üçün zərərli informasiyanın növləri müəyyənləşdirib. Qeyd edilib ki, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir.
Eyni zamanda Komitənin təşəbbüsü ilə hazırlanan, uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələri və sorğuları haqqında məlumatlandırılmasına xidmət edən “Kidsafe.az” proqramı haqqında iştirakçılara məlumat verilib.
Təlim zamanı uşaqlara Dövlət Komitəsi tərəfindən hazırlanmış məlumatlandırıcı qeyd dəftərləri paylanılıb.
Yekunda aktiv iştiraka görə uşaqlara sertifikatlar təqdim edilib və xatirə fotosu çəkdirilib.
Təlimlərdə 200-ə yaxın şagird iştirak edib.