Beynəlxalq Ailə Günü ilə əlaqədar "Ailə festivalı" keçirilib

17 may 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tədbirdə giriş sözü ilə çıxış edərək, festival iştirakçılarını salamlayıb və bu əlamətdar gün münasibətilə ailələri təbrik edib. O, Azərbaycanda 2007-ci ildən ailə gününün bayram kimi qeyd olunduğunu Qbildirib. Sədr əlavə edib ki, bu gün bütün dünya xalqları ilə birlikdə ən yaxın sosial mühit olan ailəmiz haqqında düşünür, ailə üzvlərinin bir-birinə münasibətini, sevgini, mərhəməti, qayğını ən vacib dəyərlər kimi göz önündən keçiririk.

Komitə sədri dövlət siyasəti nəticəsində həyata keçirilən tədbirlərdən danışaraq qeyd edib ki, Azərbaycan dövləti ailə istiqamətindəki siyasətini daha da təkmilləşdirir və bu siyasət yalnız ailələrimizin rifahı, inkişafı, sağlamlığı, təhlükəsizliyinə xidmət edir. O, bildirib ki, bu məsələ dövlət orqanları ilə yanaşı bütün ailələrimizin, cəmiyyətimizin, medianın və vətəndaş cəmiyyətinin birgə işidir.

Çıxışının sonunda Bahar Muradova Dövlət Komitəsinin cəmiyyətin müxtəlif təbəqələri ilə birlikdə ailə məsələlərini daim gündəmdə saxladığını, onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq istiqamətində işlər gördüyünü, yerli və beynəlxalq tərəfdaşlarla müxtəlif mövzuda layihələr həyata keçirdiyini əlavə edib.

Qeyd edək ki, Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi oğlanlara üstünlük verilməsi fenomeninin qarşısının alınması, qız övladının dəyərinin təbliği və ailədə bərabər qayğı modelinin təbliğinə xüsusi diqqət yetirməklə gender stereotipləri ilə mübarizəyə töhfə verməkdən ibarətdir.