Dövlət Komitəsinin şöbə müdiri Avropa Şurası Gender Bərabərliyi üzrə Komissiyasının 21-ci sessiyasında iştirak edib

14 may 2022

Paylaş:

11-13 may 2022-ci il tarixində Strasburqda Avropa Şurası Gender Bərabərliyi üzrə Komissiyasının 21-ci sessiyası keçirilib. Sessiyada Avropa Şurasına üzv ölkələrin nümayəndələri iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov tədbirdə iştirak edib.

3 gün davam edən sessiya zamanı müharibə və münaqişənin qadınlara təsiri, o cümlədən Ukraynada baş verən müharibənin qadınlara təsiri barədə fikir mübadiləsi aparılıb.

Daha sonra gender stereotipləri və seksizmə qarşı mübarizə və qarşısının alınması, qadın və qızlara qarşı zorakılıqla mübarizə, qadın və kişilərin siyasi və ictimai qərar qəbuletmədə bərabərliyinin təmin edilməsinə nail olunması, həmçinin qadınların ədliyyəyə bərabər çıxışı mövzularında tematik müzakirələr təşkil edilib, üzv ölkələrin nümayəndələri bu istiqamətdə öz təcrübə və fikirlərini bölüşüblər.

Sessiylar zamanı Fərid Ədilov müzakirə edilən mövzulara uyğun olaraq, ölkədə həyata keçirilən fəaliyyətlər barədə məlumat verib. O, Azərbaycanın da uzun müddət münaqişədən əziyyət çəkdiyini qeyd edərək, hazırda münaqişədən təsirlənən qadınların aldığı travmalara qarşı davamlılığını artırmaq istiqamətində fəaliyyətlər barədə ölkə təcrübəsini bölüşüb, eləcə də gender siyasəti, qadınlara qarşı zorakılıq, məişət zorakılığının aradan qaldırılması istiqamətində mövcud qanunvericilik, qəbul edilmiş milli fəaliyyət planı haqqında üzv ölkələrin nümayəndələrini məlumatlandırıb. Bununla yanaşı, Avropa Şurasının Bakı nümayəndəliyi ilə birgə həyata keçirilən və planlaşdırılan tədbirlər barədə də məlumat verilib.

Sessiyanın sonunda üzv dövlətlərdən COVİD-19 pandemiyasının qadınların ədliyyəyə çıxışına təsiri ilə bağlı ediləcək sorğununun cavablandırılması və üzv dövlətlərin təcrübələri əsasında araşdırmanın hazırlanması barədə razılıq olunub.

Həmçinin, sessiya zamanı müzakirə edilmiş məsələləri əhatə edən qısa hesabat və gələcək sessiyanın gündəliyinə salınacaq məsələlər müzakirə edilərək qəbul edilib.