Uşaq hüquqlarının müdafiəsi üzrə mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə təlimlər davam edir

13 may 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4-cü (Uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi (təlimlər və qısamüddətli kurslar təşkil etməklə) bəndinin icrası ilə bağlı işlər davam etdirilir.

Bu məqsədlə UAFA təşkilatının (Azərbaycana Birgə Yardım Təşkilatı) və Amerika Birləşmiş Ştatlarının Corctaun Universitetinin baza kursuna əsasən Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə təlimlər keçirilib. 6 may tarixindən başlayan kurslar praktiki və nəzəri hissədən ibarət olaraq 22 iyul 2022-ci il tarixinədək onlayn formatda Zoom platforması üzərindən tədris olunacaq. Yerli və xarici mütəxəsssilər tərəfindən keçirilən təlimlər zamanı, iştirakçılar hər bir uşağın ehtiyaclarına uyğun olan inkişaf planı hazırlamaq, uşağın nitq, qavrama, kiçik və böyük motor bacarıqları və davranış sahəsində funksional bacarıqlarını qiymətləndirməyə lazım olan alətlər, praktiki bacarıqlar, nəzəri biliklər, uşaqlarda öyrənmə və inkişaf prosesləri barədə dərin biliklər əldə etmək şansı qazanacaqlar.

Qeyd edək ki, kursu müvəffəqiyyətlə bitirən iştirakçılara ABŞ-ın Corctaun Universitetinin Uşaq və İnsan İnkişafı Mərkəzi adından sertifikat veriləcək.