Regionlarda “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda keçirilən tədbirlər davam edir

4 may 2022

Paylaş:

“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası və məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və regionlarda zorakılıqla mübarizə sahəsində maarifləndirmə işinin aparılması məqsədilə Quba Rayon Heydər Əliyev Mərkəzində görüş keçirilib.

Görüşdə Qusar, Xaçmaz və Şabran rayon İcra Hakimiyyətlərinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri iştirak edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək, icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının öz fəaliyyətlərini həyata keçirən zamanı “Məişət zorakılğının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutaraq məişət zorakılığı qurbanlarına daha çevik dəstəyin göstərilməsi, mühafizə orderlərinin verilməsi, zəruri hallarda qurbanların sığınacaqlara yerləşdirilməsi, eləcə də baş vermiş zorakılıq halları ilə əlaqədar cavab tədbirlərinin vacibliyini bildirib.

Görüşdə monitorinq qruplarının sədrləri çıxış edərək, görülmüş işlər, ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər və.s hallara dair rayon İcra Hakimiyyətlərinə edilmiş müraciətlər barədə məlumatlar veriblər.

Daha sonra “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda Quba rayon Peşə Liseyində təhsil alan gənclərə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə tərəfindən təlim keçirilib.

Təlim zamanı bu istiqamətdə iştirakçılara ətraflı məlumat verilib, sualları cavablandırılıb, məişət zorakılığının qarşısının alınması zamanı qarşıya çıxan problemlər və bu sahədə bir sıra məsələlər müzakirə edilib.