Akademik Zərifə xanım Əliyevaya həsr edilmiş “Nurlu ömrün işığı” mövzusunda konfrans keçirilib
Paylaş:
Aprelin 28-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Nurlu ömrün işığı” adlı konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müasir, müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.
YAP-ın Mərkəzi Qərargahında keçirilən konfransdan öncə ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, torpaqlarımızın müdafiəsi və azad edilməsi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.
Konfransda giriş nitqi ilə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Zərifə xanım Əliyevanın zəngin, şərəfli ömür yolu bugünkü və gələcək nəsillər üçün parlaq nümunədir. O, həm peşəkar həkim-mütəxəssis, həm ləyaqətli ziyalı, həm vəfalı ömür-gün yoldaşı, həm də qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxmışdır. Zərifə xanımın çoxşaxəli fəaliyyəti ictimai əhəmiyyətli və faydalı olub. O, həm insanlara nur və şəfa bəxş edib, həm savadlı, peşəkar mütəxəssislərin yetişməsində fəal rol oynayıb, həm də gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi üçün örnək yaradıb. Yəni, Zərifə xanım Əliyevanın fərdi və ictimai portreti rəngarəng, həyat yolu mənalı və nümunəvidir. Zərifə xanım Əliyevanın zəngin irsindən bəhs edərkən, ilk növbədə, oftalmologiya elminə müstəsna töhfələrinə xüsusi diqqət yetirmək lazımdır. Onun apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir.
Qeyd edilib ki, Azərbaycanda traxomanın xəstəlik kimi ləğv edilməsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. O, həmçinin oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb. Oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə xanım Əliyeva keçmiş ittifaqın oftalmologiya sahəsində ən böyük mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Zərifə xanım Əliyeva həmin mükafata layiq görülən ilk qadın alim idi. 150-dən artıq elmi əsərin müəllifi olan akademik çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərinə görə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Bunlarla yanaşı, görkəmli alim SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışıb. O, respublika “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü, o cümlədən “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olub. Bu, Zərifə xanımın ictimai fəaliyyətinin də cəmiyyətimiz və respublikamız üçün faydalı, səmərəli olduğunu göstərir.
Tahir Budaqovun sözlərinə görə, Zərifə xanım Əliyeva Vətən üçün – Azərbaycan naminə misilsiz işlər görüb. Vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana kimi də bu missiyasını ləyaqətlə yerinə yetirib. Zərifə xanım ümummilli lider Heydər Əliyevlə ailə məsuliyyətini paylaşaraq cənab İlham Əliyev kimi övlad yetişdirib. Heydər Əliyev və Zərifə Əliyeva məktəbindən dərs alan Prezident İlham Əliyev ata vəsiyyəti ilə yanaşı, xalqa, dövlətə, Vətənə sədaqət andını gerçəkləşdirərək Azərbaycana tarixi nailiyyətlər qazandırıb, ölkəmizin adını qalib və qüdrətli dövlətlər sırasına yazdırıb. Bir sözlə, cənab İlham Əliyev tarix yazıb və adını tarixə əbədi yazdırıb – həkk etdirib. Əlbəttə, övladının yüksək məqama çatması, Vətən, xalq üçün faydalı işlər görməsi hər bir valideynin ülvi məqsədi və arzusudur. İlham Əliyev isə arzuları gerçəkləşdirib. Ona görə də həm ulu öndər Heydər Əliyevin, həm də Zərifə xanım Əliyevanın ruhu şaddır.
Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Amma ən böyük mükafat, ən üstün dəyər xalqın ona sevgisi, düşüncələrdə və qəlblərdə silinməz yeri, əziz xatirəsidir. Azərbaycan qadınlarına məxsus ləyaqətli, şərəfli bir ömür yaşamış Zərifə xanım Əliyevanın işıqlı obrazı həmişə bizimlə olacaq, əziz xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq!
Konfransda Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev “Zərifə xanım Əliyevanın zəngin elmi irsi Azərbaycan tibb elminin parlaq səhifəsidir” mövzusunda çıxış edib. O bildirib ki, tarixdə elə şəxsiyyətlər var ki, onların fitri istedadı, nadir biliyi və peşəkar bacarıqları, eyni zamanda insani keyfiyyətləri, qayğıkeşliyi və nəcibliyi gələcək nəsillər üçün nümunə və örnəkdir. Bu gün anadan olmasının 99-cu ildönümü geniş şəkildə qeyd edilən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva özündə belə yüksək dəyərləri cəmləşdirən şəxsiyyətlərdən biri idi. Nazirin sözlərinə görə, Azərbaycanın görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım çox zəngin və mənalı ömür yolu keçib. “Müasirləri tərəfindən “Cəmiyyətin təbibi” adlandırılan Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Humanist və alicənab bir xanım, səmimi insan, nümunəvi həyat yoldaşı olan Zərifə xanımın ömür yolu bugünkü qadınlar üçün əsl örnəkdir. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə idi. Neçə-neçə insanın gözünə işıq verən, onları həyata qaytaran görkəmli oftalmoloq həmişə xüsusi qayğıya ehtiyacı olan tənha insanlara və kimsəsizlərə böyük diqqətlə yanaşırdı. Zərifə xanım elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Zərifə xanım sevib-seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilirdi. “İnsan biliyi ilə mütləq cəmiyyətə fayda verməli, xeyirxah əməlləri ilə özündən sonra iz qoymalıdır”, - deyən Zərifə xanım üçün xeyirxahlıq hər zaman həyat tərzi olub”, - deyə nazir bildirib.
Vurğulanıb ki, oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan, elmin bu sahəsinin inkişafına dəyərli töhfələr verən akademik Zərifə Əliyevanın həyat fəlsəfəsi çoxşaxəli və zəngindir. Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Moskvada Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil alan, sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə Əliyevanın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur. Zərifə xanımın beynəlxalq konfrans və simpoziumlarda alimlərin müzakirə mövzusuna çevrilən elmi nailiyyətləri Azərbaycan səhiyyəsinin dünyada daha geniş tanınmasına imkan verib. “Elm nurdur, lakin göz olmasa, nur da yoxdur”, - deyən Zərifə xanım, ilk növbədə, həkim idi, bu peşəni çox yüksək dəyərləndirirdi.
“Zərifə Əliyeva ətrafına nur saçan böyük ziyalı idi. Bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə xanım malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan pedaqoq-alim, professor Əziz Əliyevin yolunu özünə örnək götürərək, oftalmologiya elminə böyük töhfələr verib”, - deyən T.Musayev diqqətə çatdırıb ki, görkəmli elm xadiminin fəaliyyətinin əsas istiqamətlərindən biri də peşə oftalmologiyası idi. Oftalmologiyada peşə xəstəliklərinin yaranma səbəblərinin tədqiqi akademik Zərifə Əliyevanın adı ilə bağlıdır.
“Zərifə xanımın insani keyfiyyətləri onun elmi və peşə fəaliyyətindən heç də az dəyərli deyil. Alicənablıq, sadəlik, nur, nəciblik, qayğıkeşlik, ailəsinə bağlılıq onu ən gözəl səciyyələndirən sözlərdir. Təsadüfi deyil ki, ölkəmizin bugünkü sürətli inkişafını, beynəlxalq nüfuzunu, möhtəşəm uğurlarını təmin edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, dövlətimizin ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan məhz belə bir ailədə dünyaya gəlib, formalaşıb. Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində ulu öndər Heydər Əliyevlə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsiri var. Zərifə xanım kimi müdrik bir insanın ocağının hər bir üzvünə onun nurundan pay düşüb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ehtiyacı olanların pənah yeri kimi tanınır, insanlara qayğısı ilə hər kəsin sevgisini qazanıb. Ölkəmizdə hazırda səhiyyə sahəsində əldə olunan nailiyyətlərdə, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafında onun böyük zəhməti var”, - deyə səhiyyə naziri vurğulayıb.
“Akademik Zərifə Əliyeva – xeyirxahlıq və humanizm mücəssəməsi” mövzusunda çıxış edən YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycan xalqının adını və əməllərini çox böyük ehtiramla xatırladığı oğul və qızları içərisində parlaq şəxsiyyət, akademik Zərifə Əliyevanın özünəməxsus yeri var. O, şərəfli həyat yolu, insani keyfiyyətləri ilə yanaşı, ictimai mövqeyi ilə də təkcə yaddaşlarda deyil, həm də insanların taleyində oynadığı əhəmiyyətli roluna görə qəlblərdə və xatirələrdə yaşamaqdadır. Təsadüfi deyil ki, Zərifə xanımı şəxsən tanıyanlar onun milli-mənəvi dəyərlərə bağlılığı və müasirliyindən fəxrlə söhbət açır, insanpərvərliyi, sadəliyi və təvazökarlığından ağız dolusu danışırlar.
Komitə sədrinin sözlərinə görə, Zərifə Əliyevanın əsl elm fədaisi, görkəmli tədqiqatçı-alim kimi akademik dairələrdə böyük nüfuz və hörmətə malik olduğu barədə elmi və ictimai mənbələrdə kifayət qədər rəy və mövqe mövcuddur. Gözəl ana, qayğıkeş həyat yoldaşı kimi dəyəri isə ulu öndər Heydər Əliyevin, ölkə Prezidenti cənab İlham Əliyevin kövrək xatirələrində əksini tapır.
B.Muradova qeyd edib ki, Zərifə xanım Əliyeva bütün şəraitlərdə nəciblik, mərhəmət, sədaqət və fədakarlıq kimi keyfiyyətləri öz simasında birləşdirməyi bacaran bir insan kimi xatırlanmaqdadır. Onun sözlərinə görə, Zərifə xanımı tanıyan, onunla ünsiyyətdə olan, birgə fəaliyyət göstərən, himayəsini və qayğısını öz üzərində hiss edənlər bu gün onu böyük sevgi və hörmətlə anırlar. “Bu gün Zərifə xanım seçdiyi fəaliyyət istiqamətləri üzrə əldə etdiyi nəticələrə, yaratdığı ənənələrə, qoyub getdiyi elmi, ictimai irsə və şəxsiyyəti haqqında dolaşan əfsanələrə bənzər həqiqətləri ilə ölkəmizin tarixində ən parlaq səhifələrdədir. Zənnimcə, bütün parametrlər üzrə xarakteri və onun məzmunu ilə əsl Azərbaycan xanımı obrazını, müdrikliyi və mükəmməlliyi ilə özü öz boyuna biçmiş bu gözəl insanı müasir və gələcək nəsillər hər zaman yüksək ehtiram və minnətdarlıq hissi ilə xatırlayacaqlar. Bir də ona görə ki, o, özünün çox da uzun olmayan həyatı boyu iki titulun əbədi daşıyıcısı olaraq qalacaq. Əvvəla, o, müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli liderimiz Heydər Əliyevin həyat yoldaşı, həmçinin müasir, qüdrətli və zəngin Azərbaycan dövlətinin qurucu lideri, Müzəffər Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin anasıdır”, - deyə komitə sədri əlavə edib.
Konfransda Milli Məclisin Səhiyyə komitəsinin sədri, AMEA-nın həqiqi üzvü Əhliman Əmiraslanov “Dünya şöhrətli alim, görkəmli oftalmoloq” mövzusunda çıxış edərək bildirib ki, Zərifə Əliyevanın özünə ixtisas kimi məhz göz həkimliyini seçməsi təsadüfi deyildi. “1940-cı illərin sonu -1950-ci illərin əvvəllərində bütün dünyada, o cümlədən Azərbaycanda traxoma xəstəliyi geniş yayılmışdı. Problemin miqyası haqqında təsəvvür yaratmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının həmin dövr üçün bir hesabatına diqqət yetirək: Hesabatda bütün dünyada 400 milyona qədər insanın traxoma xəstəliyinə tutulduğu, bunun nəticəsində 80 milyondan çox insanın korluğa düçar olduğu bildirilirdi. Bu xəstəlik xüsusilə Azərbaycanın bölgələrində tüğyan edirdi. Belə bir zamanda Zərifə xanım Əliyeva məhz oftalmologiyanı seçdi. Akademik Zərifə Əliyeva böyük elmi məktəb yaratmış alimlərimizdən idi. Onun fədakar zəhməti sayəsində ərsəyə gəlmiş dərs vəsaitləri, dərsliklər, monoqrafiyalar bu gün də təkcə Azərbaycanda deyil, ümumən dünyada oftalmologiya elminin inkişafına xidmət edir, ixtisaslı gənc həkimlərin və bu sahədə tədqiqatlar aparan alimlərin yetişməsinə kömək göstərir. "Kəskin virus konyunktivitləri", "Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz yaşı axmasının fiziologiya və histologiyası", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" və bu kimi digər əsərləri Zərifə xanımın tibb elminə sanballı töhfələridir. Zərifə xanım tibb elminin nadir sahələrindən olan iridodiaqnostika və iridoterapiya problemlərinə də diqqət yönəltmişdi. Onun bu mövzuda iki monoqrafiyası çapdan çıxıb. Bunlar "İridodiaqnostikanın əsasları" və "İridodiaqnostika" monoqrafiyalarıdır. Onu da xüsusi qeyd edək ki, dünya miqyasında iridodiaqnostikaya dair ilk kitablar məhz akademik Zərifə Əliyevaya məxsusdur”, - deyə akademik bildirib.
Ə.Əmiraslanovun sözlərinə görə, həkimlik etikası da Zərifə xanım Əliyevanı daim maraqlandıran əsas məsələlərdən idi. Çünki o, özü həkimlik sənətini bu peşənin yüksək etikası işığında sevmişdi. Onun üçün əsl həkimlik meyarı atası Əziz Əliyevin bütöv şəxsiyyəti idi. Zərifə xanım insan sağlamlığını ictimai sərvət, insanların gözlərinə nur bəxş olunmasını bəşəri humanizm kimi səciyyələndirirdi. O, belə bir ali dəyəri gənc həkimlərə də ötürməyə çalışırdı. Onların mənəvi tərbiyəsi, həkimlərin peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsi və həlli üçün əməyini əsirgəmirdi. Zərifə xanımın bir çox məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuşdu. Alimin "Yüksək etimad" kitabı isə bu gün də “Hippokrat andı”na sadiq qalan, özünü əsl tibb işçisi kimi yetişdirmək istəyən həkimlərin stolüstü kitabıdır.
Konfransın sonunda Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 1 fevral tarixli Sərəncamına əsasən, ölkəmizin ictimai və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunan Zərifə Salahovaya “Şərəf” ordeni, 2022-ci il 7 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təltif edilmiş bir qrup xanıma isə “Tərəqqi” medalı təqdim olunub.