Erkən nikah və qız uşaqlarının təhsildən yayınması halları ilə mübarizə istiqamətində növbəti görüş Qobustanda keçirildi
Paylaş:
25 aprel 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qobustan rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində Qobustan rayonu üzrə məktəblərdə təhsildən yayınan şagirdlərin valideynləri ilə icma səviyyəsində maarifləndirici görüş keçirilib.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Qobustan rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva, aidiyyəti qurumların nümayəndələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri, Təhsil İdarəsinin nümayəndəsi, din xadimi, hüquq-mühafizə orqanının nümayəndəsi, bələdiyyə sədrləri, icra nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, psixoloqlar və valideynlər iştirak ediblər.
Görüş zamanı erkən nikah və təhsildən yayınma hallarının yaratdığı fəsadlar və qız uşaqlarının həyatına göstərdiyi mənfi təsirlər barəsində valideynlərə məlumatlar verilib. O cümlədən, uşaqlarını təhsildən yayındıran valideynlər dinlənilərək, problemlərinin həlli istiqamətində müzakirələr aparılıb.
Görüşdən sonra təhsildən yayınma halının yerində araşdırılması məqsədilə Ərəbşahverdi kəndində ailəyə səfər edilib. Eyni zamanda aidiyyəti qurumların məsul şəxsləri modul tipli məktəbə baş çəkərək, təhsil prosesi ilə yaxından tanış olublar.