Azərbaycan nümayəndə heyəti məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyət göstərən mərkəzlərlə tanış olub
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində 22 aprel 2022-ci il tarixində Ailə və Sosial Xidmətlər Nazirliyinin Ankarada fəaliyyət göstərən “Zorakılığın qarşısının alınması və monitorinqi mərkəzi”nin fəaliyyəti ilə tanışlıq olub.
Bildirilib ki, təxminən 10 il əvvəl 14 pilot əyalətdə istifadəyə verilən “Zorakılığın qarşısının alınması və monitorinqi mərkəzləri” hazırda 81 əyalətdə öz fəaliyyətini həyata keçirir. 2012-ci ildən istifadəyə verilən Şiddətlə Mübarizə və Nəzarət Mərkəzi (7/24) şiddətə məruz qalan qadınların və onların uşaqlarının hər cür ehtiyaclarına dəstək verir.
Mərkəz əməkdaşları təqdimatla çıxış edərək zorakılığa məruz qalan vətəndaşların birbaşa, polis və ya digər qurumlar vasitəsilə Mərkəzlərə müraciət edə biləcəyi barədə məkumat verib. Həmçinin 183 Sosial Dəstək Xəttinin də bu mövzuda köməklik göstərdiyi bildirilib.
Zorakılıq qurbanlarının və onların uşaqlarının ehtiyaclarına cavab vermək üçün mərkəzlərdə psixoloqların, sosial işçilərin, sosioloqların və polis əlaqə məmurları kimi müxtəlif ixtisas sahələrindən peşəkar kadrların çalışdığı da vurğulanıb.
Beləliklə, Mərkəzlərdə və Qadın qonaq evlərində ilk növbədə qurbanların ehtiyacları təmin edilir, və onlara uyğun olaraq psixoloji, sosial, iqtisadi, hüquqi dəstək verilir, sığınacaqla təmin edilir.
Daha sonra Sosial Xidmət Mərkəzinin fəaliyyəti - tədris, təlim və yaşayış yerləri ilə tanışlıq olub.
Qeyd edilib ki, Mərkəz sosial xidmətə müdaxilə və təqib, qoruyucu, profilaktik, dəstəkləyici, inkişaf etdirici, bələdçilik və məsləhət yönümlü sosial xidmətlər əsasında uşaqlar, gənclər, qadınlar, kişilər, əlillər, yaşlılar və onların ailələri üçün birlikdə xidmətə çıxışın asanlığını təmin edir. Eyni zamanda, burada qurum və təşkilatlar, yerli özünüidarəetmə orqanları, universitetlər, qeyri-hökumət təşkilatları və könüllülərlə əməkdaşlıq edilir.
Sonda Dövlət Komitəsinin sədri Mərkəzlərin işinə uğurlar arzu edib, Türkiyə ilə əməkdaşlıq çərçivəsində birgə fəaliyyətlə bağlı mövcud imkanlar və perspektivlərdən danışıb.
Görüş müzakirələrlə davam edib