Uşaq nikahlarının və qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması məqsədilə növbəti tədbir Bakıxanov qəsəbəsində keçirilib

20 aprel 2022

Paylaş:

20 aprel 2022-ci il tarixində Sabunçu rayonunun Bakıxanov, Ramana və Sabunçu qəsəbələrinin məktəblərində təhsil alan şagirdlərin valideynləri ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində görüş keçirilib.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, AQUPDK-nın Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, psixoloq Səidə Əhmədova, Sabunçu Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə profilaktiki işin təşkili şöbəsinin böyük inspektoru, polis-polkovnik leytenantı Asif Məlikov, qəsəbələrdə yerləşən təhsil müəssisələrinin rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri və valideynlər iştirak ediblər.
Görüş zamanı erkən nikah və təhsildən yayınma hallarının qız uşaqlarının həyatında yaratdığı fəsadlar barəsində valideynlər məlumatlandırılıb, həmçinin ailələrin mövzu ilə bağlı mövcud problemləri öyrənilərək onların həlli istiqamətində müzakirə edilib.
Tədbir iştirakçılarına maarifləndirmə vəsaitləri paylanıb.