Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planının icra vəziyyəti müzakirə edilib
Paylaş:
5 aprel 2022-ci il tarixində “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planı”nın icra vəziyyətinin müzakirəsi məqsədi ilə onlayn görüş keçirilib.
Tədbir iştirakçılarını salamlayan Komitə sədri Bahar Muradova görülən işlərin müzakirəsi üçün aidiyyəti qurumlarla birgə keçirilən bu kimi müzakirələrin əhəmiyyətini vurğulayaq qeyd edib ki, Komitə əlaqələndirici qurum kimi birillik fəaliyyətlərə dair 9 mərkəzi icra hakimiyyəti orqanı, 4 dövlət qurumu, 76 yerli icra hakimiyyəti oqanından toplanan məlumatları ümumiləşdirmiş, bu barədə hesabatı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmişdir. Həmçinin görülmüş işlərin nəticələrinə dair vəziyyəti araşdıraraq təhlil etmişdir. Eyni zamanda BMT-nin Əhali Fondunun Azərbaycan hökuməti ilə əməkdaşlığı üzrə 2021-2025-ci illəri əhatə edən çərçivə sənədinə əsasən milli fəaliyyət planının icrası prosesinin monitorinqi və qiymətləndirilməsi də həyata keçirilmişdir: “Bu qiymətləndirilmənin aparılması icra prosesində olan çatışmazlıqları üzə çıxarmaq və təhlil etmək məqsədi daşıyırdı. Monitorinqin nəticələri imkan verir ki, biz, BMT-nin Əhali Fondu ilə əməkdaşlıq çərçivəsində aidiyyəti qurumlar tərəfindən ediləcək strateji müdaxilələrin əsas istiqamətləri ilə bağlı konseptual çərçivə sənədinin formalaşdıra bilək”.
B. Muradova qeyd edib ki, illik məlumatların təhlili bu sahədə tərəfdaş qurumlar arasında əlaqələrin gücləndirilməsinə böyük ehtiyac olduğunu göstərdi. O, gündəlik həyatda baş verən bir çox hadisələri, xüsusilə, intihar, məişət zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının baş verməsinin ciddi narahatlıq doğurduğunu və bu məsələlər ətrafında müzakirələr aparıldığını bildirib: “Zorakılıqla üzləşən şəxslərə yönəlik xüsusi reabilitasiya proqramlarının ixtisaslaşmış mütəxəssislərlə birgə hazırlanmasına, nəticələrinin monitorinq və təhlilinə ehtiyac vardır.”
2020-ci ildən Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərin təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsinə dair” Tvinninq layihəsinə diqqət çəkən Komitə sədri bildirib ki, layihə müvafiq qurumların iştiraka cəlb olunmuş əməkdaşları arasında ünsiyyət və əlaqələrin genişləndirilməsinə zəmin yaradılması baxımından da faydalı keçmişdir.
“Sosial xidmət haqqında” Qanundan irəli gələrək son illərdə çətin şəraitdə olan şəxslərə və ailələrə müxtəlif yönümlü xidmətlər göstərən sosial xidmət müəssisələrinin sayının artdığını bildirən B. Muradova qeyd edib ki, Komitə bu vəziyyətdə olan uşaqlar və məişət zorakılığından əziyyət çəkən şəxslər üçün sosial xidmət müəssisələri ilə əməkdaşlıq edir, xüsusilə müvafiq nazirliklər və qurumların rəhbər şəxsləri ilə vaxtaşırı müzakirələr aparır. Eyni zamanda Komitənin müraciəti ilə qeyd edilən kateqoriyadan olan vətəndaşların qeyri-dövlət yardım mərkəzlərinin sığınacaqlarına yerləşdirilməsi təmin olunur.
Bu sahədə müəyyən boşluqların da olduğunu vurğulayan Komitə sədri sosial xidmət müəssisələrinin rəhbərləri ilə keçirilən müzakirələrdə də qeyd edilə bir məqama xüsusi toxunaraq, çətin şəraitdə olan şəxslərə xidmət göstərən qeyri-dövlət sığınacaqlarının, mərkəzlərin üzləşdiyi bir sıra problem və çətinliklərin aradan qaldırılmasına müvafiq dəstək verilməsinin vacibliyini önə çəkib.
Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planı”nın icra vəziyyətinə dair təqdimatla çıxış edərək Dövlət Komitəsi tərəfindən 2021-ci ildə həyata keçirilmiş tədbirlər barədə də müfəssəl məlumat verib. Həmçinin konfrans iştirakçılarının diqqətini Milli Fəaliyyət Planının gələcək icrası zamanı bəzi məsələlərə xüsusi diqqət göstərilməsinin vacibliyinə çəkib.
Ədliyyə nazirinin müavini Eldar Nuriyev müzakirə edilən məişət zorakılığı probleminin aktual və hər kəsi narahat edən ciddi bir problem olaraq qaldığını bildirərək, Tədbirlər Planında Nazirliyə tapşırılan bəndlər və onların icra vəziyyətləri haqqında məlumat verib. Nazir müavini qeyd edib ki, bunlardan başqa Nazirliyin icraçı qurum kimi nəzərdə tutulmadığı bir neçə bəndə uyğun olaraq, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna və digər normativ hüquqi aktlara dəyişiklik edilməsinə dair layihələrə baxılmış, təkliflər təqdim edilmişdir. Həmçinin qanunvericiliyin təkmilləşdirilməsi, zərərçəkmiş şəxslərin müdafiəsi üzrə işçi qruplarında Ədliyyə Nazirliyinin əməkdaşları təmsil olunmuşdur. O, qeyd edib ki, vəkillər və hakimlər üçün haqqında danışdığımız mövzu üzrə təşkil edilən ixtisasartırma kursları və təlimlərin qarşıdakı illərdə keçirilməsi də nəzərdə tutulub.
Mühafizə orderləri haqqında məlumat verən E.Nuriyev, 2021-ci ildə mühafizə orderlərinin sayının əvvəlki illərlə müqayisədə 94% artdığını qeyd edib: “Təqdirəlayiq haldır ki, icra sənədlərinin sayında əsaslı artım müşahidə edilsə də son üç ildə bununla bağlı cinayət məsuliyyətinə cəlb edilmə halı olmamışdır”.
Yeni hazırlanan İcra Məcəlləsinin layihəsinə məişət zorakılığı sahəsində qəbul edilmiş qərarların icrası qaydası ilə bağlı xüsusi normanın daxil edildiyini bildirən Eldar Nuriyev, sənədin baxılması üçün aidiyyəti üzrə göndərildiyini əlavə edib.
O, çıxışının sonunda hazırda da Fəaliyyət Planının icrası ilə bağlı ardıcıl olaraq fəaliyyətin davam etdirildiyini diqqətə çatdırıb.
Məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş belə bir mühüm təbdirin təşkilinə görə Dövlət Komitəsinin rəhbərliyinə təşəkkür edərək, bu müzakirələrin qarşılıqlı fəaliyyətə töhfə verəcəyinə, birlikdə bu sahədə aparılan mübarizə işini gücləndirəcəyinə ümid etdiyini bildirib.
Məişət zorakılığı, xüsusən də qadınlara qarşı zorakılıq hallarının dünyanın bir çox ölkələrində olduğu kimi ölkəmizdə də cəmiyyətin narahatlığını doğuran bir problem olduğunu dilə gətirən O.Zalov, keçirilən davamlı islahatların tərkib hissəsi olaraq ictimaiyyətlə polis arasında əlaqələr və məlumat mübadiləsinin daim təkmilləşdirildiyini qeyd edib. O bildirib ki, uzun illərdir cinayətlərin, o cümlədən qadınlara və uşaqlara qarşı törədilmiş ailə, məişət xarakterli zorakılıq əməllərinin qarşısının vaxtında alınması və təcili tədbirlər görülməsi məqsədilə operativ əlaqə vasitələri fəaliyyət göstərir və bu mövzuda daxil olan müraciətlərə xüsusi həssaslıqla yanaşılır. Çıxışının davamında bu gün Azərbaycanın ümumi baş verən cinayət hadisələrinə görə ən az hadisə baş verən ölkələrdən biri olduğunu qeyd edən nazir müavini, məişət zorakılığı zəmnində baş verən hər bir cinayət faktı ilə bağlı xidməti təhqiqat aparıldığını, görülən işlərə hüquqi qiymət verildiyini, eyni zamanda bu cinayətlərin qarşısının alınması, zorakılıq etmiş şəxslərin cəzasızlığına yol verilməməsi üçün adekvat tədbirlərin davam etdirildiyini əlavə edib.
Dövlət qurumları ilə qarşılıqlı əlaqədən bəhs edən O.Zalov qadınların təqsirləndirilən və ya cəza çəkmiş şəxs qismində keçdikləri bütün cinayət işləri, o cümlədən materialların mütəmadi təhlil olunaraq, onları cinayətə təhrik edən amillərin öyrənilib aradan qaldırılması, o cümlədən zərərçəkən qadınların təhlükəsizliyinin təmin olunması, hüquqlarının müdafiə olunması istiqamətində mühüm addımların atıldığını, bütün proseslərin nəzarətdə saxlanıldığını diqqətə çatdırıb.
Müvafiq sahədə həllini tapmalı olan problemlərin mövcudluğuna diqqət çəkən nazir müavini, zərərçəkmiş şəxslərə qısa və uzunmüddətli mühafizə orderlərinin verilməsinin praktikada geniş tətbiq olunması üçün tədbirlərin görüldüyünü vurğulayıb. O, çıxışının sonunda ailələrin möhkəmləndirilməsi naminə onların vaxtında və hərtərəfli yardımla təmin edilməsi, məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsi sisteminin səmərəsinin artırılması, məlumatlandırma və maarifləndirmə tədbirlərinin gücləndirilməsində bütün aidiyyəti qurumların, eləcə də vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyət göstərərək, görülən işləri daha da təkmilləşdirməyə çalışacaqlarını bildirib.
Daha sonra Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov çıxış edərək, Milli Fəaliyyət Planının əhəmiyyətindən bəhs edib. O, bu sənəd üzrə Nazirlik tərəfindən müvafiq Tədbirlər Planı üzrə aparılan işləri, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə, məişət zorakılığının qarşısının alınması ilə bağlı sosial tədbirlərin görülməsi sahəsində görülən tədbirləri qeyd edib.
Nazir müavini Sosial Xidmətlər Agentliyi tərəfindən məişət zorakılığı halları və çətin həyat şəraitində olan uşaqlarla bağlı, habelə onlayn-psixoloji dəstəyin göstərilməsi ilə əlaqədar müraciətlərin cavablandırılması üçün nəzərdə tutulan Qayğı Çağrı Mərkəzinin (116 123) yaradıldığını bildirib.
A. Kərimov son illərdə Nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələrin bir istiqamətinin də məişət zorakılığına məruz qalmış şəxslər üçün sosial reabilitasiya xidmətlərinin, onlara hüquqi, sosial, psixoloji yardımın göstərilməsinə yönəldiyini qeyd edib.
O, eləcə də qadınların səlahiyyətlərinin artırılması, məşğulluq imkanlarının genişləndirilməsi, müxtəlif peşə kurslarına cəlb olunması istiqamətində tədbirlər həyata keçirildiyini bildirib: “Ötən dövr ərzində 75 min nəfər işlə təmin olunubsa onlardan 20 minə yaxını qadınlar idi. 2500-ə yaxın qadın kənd təsərrüfatı sahəsi üzrə, mindən artıq qadın xidmət və istehsal istiqaməti sahəsində çərçivəsində müxtəlif məşğulluq tədbirlərinə cəlb ediliblər.”
Sonra Təhsil nazirinin müavini Firudun Qurbanov çıxış edərək bildirib ki, təhsil sistemi zorakılığın qarşısının alınması və profilaktikası üçün böyük potensiala malikdir. Bu sistemin peşəkar və təşkilati mənbəyi, sosial təsir sahəsi, təhsil mühiti təhsil prosesinin bütün iştirakçılarının məqsədlərinə, maraqlarına sistemli təsir göstərməyə imkan verir.
Firudun Qurbanov qeyd edib ki, ümumi təhsil müəssisələrində, Uşaq-Gənclər İnkişaf mərkəzlərində, peşə təhsil müəssisələrində, ali təhsil müəssisələrində məişət zorakılığı ilə mübarizə sahəsində maarifləndirici tədbirlər, onlayn görüşlər, dəyirmi masalar və seminarlar keçirilib. Eyni zamanda, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan internat və internat tipli təhsil müəssisələrində də məişət zorakılığı ilə mübarizə mövzusunda müvafiq tədbirlər, eyni zamanda təlimlər, dəyirmi masalar təşkil olunub.
Nazir müavini çıxışının sonunda əlavə edib ki, məişət zorakılığının qarşısının alınması istiqamətində Təhsil Nazirliyi tərəfindən atılan addımlar həm maarifləndirici tədbirlərin keçirilməsini, həm tədris proqramlarına müvafiq mövzuların daxil edilməsini, həm də yeniyetmə və gənclərə müvafiq praktiki bacarıqların aşılanmasını əhatə edir. O, bildirib ki, Təhsil Nazirliyi təkcə məişət zorakılığının özü ilə deyil, onu yaradan səbəblərlə mübarizəyə də böyük önəm verir.
Digər dövlət qurumlarının iştirakı ilə baş tutan tədbir müzakirələrlə davam edib.