31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart 2022

Paylaş:

“Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək istəyən erməni millətçiləri tarix boyu öz çirkin niyyətlərindən əl çəkməyərək soydaşlarımıza qarşı etnik təmizləmə və soyqırımlar həyata keçirmişlər.
Azərbaycan xalqına qarşı baş verən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında törədilmişdir. 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan ,Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində on minlərlə soydaşımız etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilmişdir.
Ermənilərin xalqımıza qarşı davam edən terror aktlarının İkinci Qarabağ müharibəsi zamanı bir daha şahidi olduq. Postmünaqişə dövründə də mina təhlükəsi davam etməkdədir. İşğaldan azad edilmiş torpaqlarımızda tapılan bir neçə kütləvi məzarlıqlar erməni vandalizminin əyani sübutudur. Kəlbəcərdə Başlıbeldə, Şuşa ətrafında, Xocavəndin Edilli kəndi yaxınlığında kütləvi məzarlıqlar, Xocalı rayonunun Fərrux kəndində insan qalıqları tapılmışdır.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamış və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır.
Xalqın qan yaddaşını silmək üçün dəfələrlə ardıcıl cəhdlər göstərilməsinə baxmayaraq, bu, mümkün olmamış və ölkəmiz tarixi ədaləti özü bərpa edərək, düşmən üzərində qələbə qazanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diplomatiyası nəticəsində Ermənistanın yeritdiyi terrorçuluq, hərbi təcavüz və silahlı separatçılıq siyasəti ifşa olunur. 44 günlük Vətən müharibəsindəki Zəfərimiz sayəsində əzəli torpaqlarımızı işğaldan azad etməklə Azərbaycan beynəlxalq müstəvidə yerini və rolunu möhkəmləndirdi, xalqının gələcəyə olan inamını daha da gücləndirdi.