8 Mart -Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 8 Mart -Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdən öncə Fəxri Xiyaban ziyarət olunub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə dərin ehtiram ifadə olunub, məzarı önünə gül dəstələri düzülüb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir başlayıb və dövlət qadın siyasətindən bəhs edən film nümayiş olunub.
Ardınca Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident cənab İlham Əliyevin Azərbaycan qadınlarına təbrikini səsləndirib.
Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova tədbir iştirakçılarını salamlayıb. Ruhlandıran xoş sözlərinə, səmimi arzularına görə cənab Prezidentə dərin təşəkkürünü bildirib, qarşıya qoyduğu vəzifələrin ardıcıl olaraq yerinə yetiriləcəyini, ölkəmizin rifahı və çiçəklənməsi naminə səylərin artırılacağını diqqətə çatdırıb. Bu gün Prezidentinin Sərəncamı ilə təltif edilmiş qadınları təbrik edib və bu təltifin gələcəkdə daha böyük uğurlar qazanmaları üçün stimul olacağına inandığını söyləyib.
Müstəqil Azərbaycan dövlətinin banisi, qadınların hamisi və böyük dəstəkçisi ulu öndər Heydər Əliyevin 90-cı illərdə müəyyənləşdirdiyi dövlət qadın siyasətinin bu gün də müasir tələblərə, çağırışlara uyğun şəkildə davam etdirildiyini bildirərək, onun və əvəzsiz əməyinin xalqımız tərəfindən hər zaman minnətdarlıq və ehtiram hissi ilə xatırlanacağına inamını ifadə edib.
Bütün dünyada gedən ictimai-siyasi proseslər, dünya gündəmini məşğul edən vacib məsələlər fonunda müxtəlif formatlarda əməkdaşlıq və birgə fəaliyyət tələb edən istiqamətlərdən birinin məhz insan hüquqları və onun təminatı olduğunu vurğulayan sədr, Azərbaycanda insan hüquqlarının, xüsusilə də gender bərabərliyinin təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edildiyini qeyd edib. Qəbul edilmiş Dövlət Proqramlarında, Fəaliyyət Planlarında və Strategiyalarda gender bərabərliyi siyasətinin nəzərə alındığını diqqətə çatdırıb.
Hər keçən gün bu sahədə əldə edilən nailiyyətlərlə yanaşı, problem və çətinliklərin də olduğunu bildirən B.Muradova, beynəlxalq təşkilatlar, eləcə də dövlətlərin hüquqi maneə və arxaik adət ənənələrin aradan qaldırılması üçün müvafiq tədbirlər görməsinin vacibliyindən bəhs edib.
O, tarixdən üzü bəri keçdiyi inkişaf yolu, nailiyyətləri, xüsusən də şəhid anaları və yoldaşlarının timsalında daha çox fədakarlığı və dözümündən qaynaqlanan gücü sayəsində bu gün müasir Azərbaycan qadının yeni sivilizasiyaların qovşağında, şərq özünəməxsusluğu və qərb dəyərlərinin uğurlu sintezini formalaşdırdığını söyləyib.
Komitə sədri Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz sözünü demiş, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətləri ilə seçilən qadınları təbrik edərək, gül dəstələri təqdim edib. Daha sonra "Yüksəliş" müsabiqəsində qalib olan xanımlara fəxri fərmanlar verilib.
Təltif edilən 45 saylı orta məktəbin direktoru, polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova ölkə başçısının şəhid ailələrinə, eləcə də qadınlara verdiyi dəyər və göstərdiyi qayğıya görə təşəkkürünü bildirib. Bir pedaqoq və təhsil işçisi kimi daim məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına çalışdığını vurğulayıb. "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyinin sədri Bahar Qasımova hər il təqdim olunan təltiflərin Prezidentin Azərbaycan qadınlarına göstərdiyi diqqətin göstəricisi olduğunu qeyd edib və bu etimada görə ölkə başçısına minnətdarlığını çatdırıb.
Tədbir bədii hissə ilə davam edib.