Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (PGG II) proqramı üzrə Yerli Rəhbər Komitənin iclası keçirilib
Paylaş:
25 fevral 2022-ci il tarixində Avropa Şurası və Avropa İttifaqının birgə həyata keçirdiyi Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (PGG II) proqramı üzrə Yerli Rəhbər Komitənin video-konfrans formatında iclası keçirilib
Tədbir proqram çərçivəsində həyata keçirilən layihələrin icra durumunun nəzərdən keçirilməsi, milli tərəfdaşlar və təşkilatlar arasında əlaqələrin daha gücləndirilməsi məqsədilə təşkil olunub.
İclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov və Qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Hacıyeva iştirak edib.
Görüşdə çıxış edən Fərid Ədilov Dövlət Komitəsinin Avropa Şurasının Bakı Ofisi ilə birgə qeyd edilən proqam çərçivəsində həyata keçirilən və nəzərdə tutulmuş tədbirlər haqqında məlumat verib.
O, ötən il gender stereotipləri və qadınlara qarşı zorakılıq mövzusunda regionlarda seminarlar, eləcə də qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində təcrübə mübadiləsini təşviq etmək məqsədilə Gürcüstana AŞ-nın Bakı Ofisi tərəfindən təşkil edilmiş təcrübə səfərini qeyd edərək, orada Dövlət Komitəsi nümayəndələrinin fəal iştirak etdiyini vurğulamış və bu istiqamətdə birgə əməkdaşlığın davam etdiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.
Qeyd edək ki, Tədbirdə Avropa Şurası (AŞ) Katibliyi, AŞ-nın Bakı Ofisi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təmsilçiləri, PGG üzrə milli əlaqələndirici, eləcə də milli tərəfdaşlar iştirak edib.