Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

18 fevral 2022

Paylaş:

18 fevral 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərkitab” Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə “Xocalı-30. Unutmadıq, unutdurmayacağıq” adlı tədbir keçirilib.
Tədbirdən öncə “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri, yazıçı və publisist Səriyyə Müslümqızının müəllifi olduğu “Geriyə baxma” kitabının və Xocalı soyqırımına həsr olunmuş digər kitabların sərgisinə baxış olub.
Qonaqları salamlayan Bahar Muradova Ermənistanın təcavüzkar əməlləri nəticəsində baş verənlərin son 30 il ərzində həyatımızın bütün sahələrində öz təsirini göstərdiyini vurğulayıb. O, qeyd edib ki, biz daim tariximizə, keçdiyimiz yola nəzər salaraq millətimizə, bu torpaqlarda, coğrafiyamızda yaşayan insanlara qarşı pis niyyətli dairələr barədə haqq səsimizi ucaltmış və daim bu təcavüzə son qoyacağımıza, haqsızlıqlara və zülmə qalib gələcəyimizə inanmışıq.
Vətən müharibəsindən sonra biz bu ağrılı günü qəlbimizdə qürur hissi ilə qeyd edirik deyən Komitə sədri bildirib ki, 44 gün ərzində 100 ilə söykənən bu problemi kökündən həll etmək üçün çox ciddi addımlar atıldı və müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan öz gücünə düşmən üzərində tarixi qələbə qazandı. “Bu gün bizim qarşımızda bu hadisəni hüquqi tərəfdən qiymətləndirmək, soyqırımı törədənləri ədalət mühakiməsinə çəkmək və layiqi cəzalarını vermək dayanır”.
İndiyədək Azərbaycan hökumətinin apardığı işlər nəticəsində beynəlxalq aləmdə bu istiqamətdə çoxsaylı sənədlər qəbul edilib deyə qeyd edən B.Muradova onu da vurğulayıb ki, bu hadisənin siyasi qiyməti ondan ibarətdir ki, bu, insanlara qarşı törədilmiş bir cinayətdir. Uzun illər ərzində dünya ictimaiyyətinə Xocalı soyqrımı haqqında məlumatları çatdırmaq üçün müxtəlif layihələr və aksiyalar həyata keçirilmiş, filmlər və kitablar hazırlanmışdır. Belə nümunələrdən biri də bu gün təqdim edilən Səriyyə Müslümqızının müəllifi olduğu “Geriyə baxma” kitabıdır: “Səriyyə xanım xarici ölkələrdə bir-birinin ardınca davamlı tədbirlər təşkil edir və onun kitabları təqdim olunur. Bu kitablar həmin faciədə həyatını itirmiş və bu hadisənin ən dəhşətli üzünü görmüş qadınların, qocaların, günahsız uşaqların, məhv olmuş ailələrin tarixçəsi haqqındadır. Bu hekayələrin hər birinin şahidi kimi insanların dilindən dinləyib qələmə almaq, böyük güc və dəyanət tələb edir”.
B.Muradova çıxışının sonunda Xocalı faciəsinin günahsız qurbanlarının ehtiramla yad edərək, Səriyyə xanıma belə bir kitab ərsəyə gətirdiyinə görə təşəkkürünü bildirib.
“Azərkitab” Kitab Mərkəzinin layihə rəhbəri Sabir Həsənov qonaqları salamlayıb. Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində belə bir mühüm tədbirin keçirilməsindən məmnunluq duyduğunu ifadə edən S.Həsənov qeyd edib ki, məqsədimiz kitabı təbliğ etmək, insanlarımızın kitaba qayıdışına, gənclərin sağlam, zəngin dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına dəstək vermək, xalqımızın kitaba sevgi ənənəsini qorumaq, daha da inkişaf etdirmək, həmçinin tədbir çərçivəsində təqdim edilən “Geriyə baxma” kitabını təbliğ etmək, oxuculara tanıtdırmaqdır- deyə Mərkəz rəhbəri əlavə edib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci Qəzet”in baş redaktoru Rəşad Məcid, Millət vəkilləri Hikmət Babaoğlu və Ceyhun Məmmədov, Azərbaycan İlahiyyat İnstitutunun Elm və İnnovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təsisçisi Sevinc Alızadə, Yazıçı-publisist, əməkdar jurnalist Zemfira Məhərrəmli və digərləri çıxış edərək Xocalı soyqırımı haqqında düşüncələrini bölüşüb, həmçinin “Geriyə baxma” kitabının əhəmiyyətindən bəhs ediblər.
“Geriyə baxma” kitabının müəllifi Səriyyə Müslümqızı çıxış edərək qonaqlara kitab haqqında geniş məlumat verib.
Çıxışının sonunda Səriyyə Müslümqızı vurğulayıb ki, müəllifi olduğu bu kitabda hadisənin canlı şahidi olmuş insanların faciəli həyatı kitabda öz əksini tapıb. O, faktlara əsaslanan bu məlumatların soyqırım həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rolu olacağına inamını ifadə edib. S. Müslümqızı “Geriyə baxma” kitabının təqdimatına görə Dövlət Komitəsinə təşəkkürünü bildirib.