Anası tərəfindən evdə tək buraxılan azyaşlı uşaqla bağlı Dövlət Komitəsinin məlumatı
Paylaş:
3 fevral 2022-ci il tarixində kütləvi informasiya vasitələrində evdə tək qalan azyaşlı uşağın yaşadıqları Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən binanın mənzillərinin birində eyvana çıxaraq təhlükəli vəziyyətdə olması ilə bağlı video görüntü öz əksini tapmışdır.
Məsələnin araşdırılması ilə əlaqədar dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşları, Yasamal rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi və Daxili İşlər Nazirliyinin Yasamal rayonu üzrə Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru yuxarıda qeyd edilən ünvanda yerləşən ailəyə səfər həyata keçiriblər.
6 yaşlı uşağın anası A.Ə həyat yoldaşından ayrıldığını, evin yaxınlığında yerləşən şirniyyat müəssisəsində işlədiyini və uşağı evdə nəzarətsiz şəkildə tək qoyaraq işə getdiyini bildirib. Azyaşlı ilə söhbət zamanı məlum olub ki, gün ərzində anası işə getdiyi üçün onu evdə tək qoyur və uşaq qorxduğu üçün eyvana çıxaraq anasını çağırır.
Komitə əməkdaşları anaya valideynlik məsuliyyətini izah ediblər.
Ailə nəzarətə götürülüb və problemlərinin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.