Regionlarda 20 Yanvar günü ilə bağlı tədbirlər keçirilib

19 yanvar 2022

Paylaş:

Azərbaycan xalqının taleyində silinməz iz qoyan 20 Yanvar hadisəsindən 32 il keçir. İstiqlala gedən yolun ilk müjdəçisi olan bu gün milli oyanışın, azadlıq arzusunun təzahürü idi. Həmin günün ağrı-acısını yaşayan xalqımız Vətənin azadlığı üçün ölümün gözünə dik baxmağı bacardığını bütün dünyaya nümayiş etdirdi. Bu hadisə Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin sübutu, milli kimliyinin formalaşmasında, dövlət müstəqilliyinin bərpa edilməsində mühüm rolu olan milli iftixar günüdür.

Hər il olduğu kimi, bu il də 20 Yanvar qurbanlarının xatirəsinin anılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Goranboy, Göygöl, Qəbələ, İsmayıllı, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə tədbirlər keçirilib. Vətənpərvərlik ruhunda təşkil edilən tədbirlərdə mərkəzlərin xidmətlərindən bəhrələnən uşaqlar və onların valideynləri, məktəblilər, könüllülər iştirak ediblər.

Tədbirlər çərçivəsində Şəhidlərimizin məzarı ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.  20 Yanvar hadisələrinin mahiyyəti, tarixi əhəmiyyətindən bəhs edilib, uşaqların təqdimatında xalqımızın qəhrəmanlığından bəhs edən şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.