Bu gün görkəmli alim Zəhra xanım Quliyevanın doğum günüdür
Paylaş:
Özündən sonra gələn nəsillər üçün örnək ömür yoluna malik soydaşlarımız içərisində özünəməxsus yeri olan gözəl insan, parlaq şəxsiyyət və əsil vətəndaş mövqeyi ilə seçilən görkəmli alim, ictimai xadim Zəhra xanım Quliyevanın anadan olmasından 99 il ötür.
Zəhra Quliyeva respublikada səhiyyənin, tibb elminin inkişafında xidmətlərinə və ictimai fəaliyyətinə görə ayrı-ayrı illərdə yüksək mükafatlara layiq görülmüş, Azərbaycan qadın hərəkatındakı aparıcı rolu ilə ölkəmizin həyatına mühüm töhfələr vermişdir.
Zəhra xanım 1998-ci ildə yaradılan Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri, görkəmli oftalmoloq-alim, Azərbaycan Tibb Universitetinin rektoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, tanınmış ziyalı, ictimai xadim idi. Bununla yanaşı, o, fədakar və qayğıkeş ana, nümunəvi vətəndaş, sadiq dost və nəcib Azərbaycan qadını idi.
Zəhra Quliyeva dəfələrlə SSRİ Ali Sovetinin, rayon və Bakı şəhər sovetlərinin deputatı seçilmiş, müxtəlif beynəlxalq cəmiyyətlərin və şuraların üzvü olmuşdur. Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri olduğu dövrlərdə rayonlara səfərlər edir, insanların qayğıları ilə maraqlanırdı. Bölgələrdə, kənd yerlərində qadınların fəallığını, tədbirlərdəki çıxışlarını görəndə sevinc və fərəh hissi keçirən Zəhra xanım çalışırdı ki, qadınlar öz hüquqlarını dərindən bilsinlər, daha fəal və təşəbbüskar olsunlar.
O, milli ideallara bağlı vətənpərvər ziyalı kimi daim Azərbaycanın firavan gələcəyi naminə yorulmadan çalışır, dünyanın bir çox ölkələrində keçirilmiş qadın qurultaylarında, elmi simpoziumlarda, sülh günlərində, yüksək səviyyəli toplantılarda iştirak edərək Azərbaycan qadınlarını təmsil edirdi.
Azərbaycanın milli-mənəvi dəyərlərini yaşadan və gələcək nəsillərə ötürən Zəhra xanım hər bir dövr üçün nümunə olacaq bir həyat yaşamış, insanlar arasında tükənməz məhəbbət, böyük hörmət qazanmışdır.
Gözəl və güclü xarakteri yüksək vətənpərvərliyi və nəcibliyi ilə bu gün də qəlblərimizdə yaşayan Zəhra xanımı dərin hörmət və ehtiramla anırıq!