Tvinninq layihəsi uğurla yekunlaşıb
Paylaş:
“Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi yekunlaşıb.
Qanunvericiliyin, istiqamətləndirmə mexanizmlərinin və məişət zorakılığı qurbanlarına göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Litvadan və Avstriyadan olan ekspertlər qrupu tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq şəraitində 6 təlim proqramı hazırlanıb və 680 mütəxəssis, o cümlədən hakimlər, polislər, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, psixoloqlar, müəllimlər, sosial işçilər, jurnalistlər və QHT nümayəndələri üçün təlimlər keçirilib.
17 ay davam edən layihənin bağlanış tədbiri 12 yanvar 2022-ci il tarixində baş tutub.
Layihə rəhbəri, AQUPDK-nın sədr müavini Sədaqət Qəhrəmanova tədbiri açıq elan edərək səmərəli əməkdaşlıq çərçivəsində birgə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
Dövlət Komitəsinin sədr müavini ikitərəfli əməkdaşlığın sferalarının vacibliyinə toxunaraq, xüsusilə məişət zorakılığı istiqamətində ölkəmizdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Səlahiyyətli qurumlar arasında daha çevik və davamlı koordinasiyanın qurulmasında etibarlı ilkin məlumat mənbəyi kimi bələdiyyələrin geniş imkanlar yaradacağını vurğulayan komitə sədrinin müavini hazırda respublika ərazisində bələdiyyə qurumlarında gender məsələləri üzrə komissiyalarının yaradıldığını bildirib.
Azərbaycanda məişət zorakılığı halları ilə mübarizədə həyata keçirilən tədbirlər haqqında məlumat verən S. Qəhrəmanova bildirib ki, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilmiş, eyni zamanda ötən il “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” imzalanmışdır. Yerli icra hakimiyyəti orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının fəaliyyət göstərdiyini qeyd edən Komitə sədrinin müavini icra başçısı müavinlərinin həmin qruplara rəhbərlik etdiyini bildirib. Məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsində bələdiyyələrin də rolunu qeyd edən S. Qəhrəmanova yerli özünüidarəetmə orqanlarında gender komissiyalarının yaradılmasının vacibliyini bildirib və Sabunçu rayonunun pilot rayon olaraq seçildiyini diqqətə çatdırıb. O, bu istiqamətdə mexanizmin yaradılmasından sonra digər rayonlarda da tətbiq edilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Məişət zorakılığı ilə mübarizədə Avstriya və Litva təcrübəsinə diqqət çəkən Komitə sədrinin müavini bələdiyyələrin, eləcə də media nümayəndələrinin bu məsələdə vacib tədbirlər həyata keçirdiyini və bu təcrübənin öyrənilməsinin də əhəmiyyətli olduğunu bildirib.
“Qadınlara qarşı zorakılıq hər yerdə baş verir. Təhlükəsiz yer yoxdur. Heç ev də təhlükəsiz deyil. Qadınlar zorakılığa təkcə evdə deyil, eləcə də iş yerində, məktəblərdə, universitetlərdə, küçədə məruz qalır. Son dövrlər isə onlayn zorakılıq kiber-zorakılıq və nifrət nitqi şəklində özünü göstərməkdədir. Avropa İttifaqı qadınlara və uşaqlara qarşı zorakılığın bütün növlərininin qarşısının alınması istiqamətində işləmək və məişət zorakılığından əziyyət çəkən şəxslərin təhlükəsizliyinin gücləndirilməsinə dəstək göstərmək əzmindədir,” deyə Avropa İttifaqının səfiri Peter Michalko bildirib.
Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas və Avstriya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerl çıxış edərək ölkələr arasındakı əməkdaşlıqdan məmnunluq duyduqlarını bildirib, həmçinin əməkdaşlığın bundan sonrakı dövrdə də məhsuldar olacağına inamlarını qeyd ediblər.
Daha sonra Tvinninq layihəsinin Rezident Tvinninq Müşaviri Laurynas Totoraitis çıxış edərək bildirib ki, layihənin icrası “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icra müddəti ilə eyni dövrə təsadüf edib. Layihənin icra dövrü ərzində bir sıra prioritet istiqamətlər üzrə iş aparılıb. Ilk növbədə, gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qruplarının hüquqi statusunun gücləndirilməsi və məişət zorakılığının kriminallaşdırılması üzrə hüquqi bazanın yaradılması istiqamətində işlər görülüb. Bu istiqamətdə təkliflərin işlənib hazırlanmasında məqsəd məişət zorakılığına məruz qalmış şəxslərin təhlükəsizliyinin və onlara dəstəyin gücləndirilməsidir. Bundan başqa, layihə çərçivəsində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin imkanlarının artırılması, məişət zorakılığından zərərçəkmiş şəxslərə ibtidai istintaq və məhkəmə prosesi zamanı hüquqi və psixoloji yardımın göstərilməsi üzrə mexanizmlərin yaradılması və zorakılıq törədən şəxslərin reabilitasiyası üzrə proqramlarının işlənib hazırlanması ilə bağlı iş aparılıb. Sonuncu prioritet məişət zorakılığı hallarının kütləvi informasiya vasitələrində işıqlandırılması zamanı jurnalistlərin beynəlxalq səviyyədə tanınmış etik standartlara riayət etmələri üçün onların məlumatlılığının artırılması ilə bağlı olmuşdur.
Məişət zorakılığı hallarının qarşısının alınması üçün təkcə zorakılıqdan zərərçəkənlərə yardım göstərmək deyil, eləcədə zorakılıq törədən şəxslərə zorakı vərdişlərini dəyişdirməkdə kömək edilməsi tələb olunur. Bu məqsədlə beynəlxalq ekspertlər tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə “Məişət zorakılığı törədən şəxslərlə iş üzrə beynəlxalq müdaxilə proqramı” işlənib hazırlanmışdır. Bu proqram zorakılıq törədən şəxslərə zorakı davranışdan imtina etməkdə kömək etmək məqsədi daşıyır. Bu, zərəryetirənlərə öz zorakı davranışlarının səbəblərini təhlil etməyə, öz hisslərini tanımağa və onları konstruktiv şəkildə ifadə etməyə, öz partnyoruna, uşaqlara, eləcədə ailə büdcəsinin və ailənin idarə edilməsinə müsbət münasibət formalaşdırmağa, mübahisələrin həllində yeni bacarıqlar əldə etməyə kömək edir.
Sonda Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri, layihənin 1-ci və 2-ci komponentlərinin rəhbəri Taliyə İbrahimovanın moderatorluğu ilə “Məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi” mövzusunda müzakirələr təşkil olunub, Daxili İşlər Nazirliyinin polis-polkovniki Rüstəm Nəsibov, Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Sara Ağayeva, Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin əməkdaşı Zülfiyyə Sadıqova, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova tərəfindən suallar cavablandırılıb.