Füzuli rayonunda baş tutan görüş zamanı əməkdaşlığın perspektivləri müzakirə olunub

20 dekabr 2021

Paylaş:

Səfər çərçivəsində Dövlət Komitəsinin sədri Bahar Muradova, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı Rezident Nümayəndəsinin müavini vəzifəsini icra edən Çaru Bist və digər qonaqların iştirakı ilə görüş təşkil olunub.
Salamlama nitqi ilə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev həyata keçirilmiş layihənin bölgələrdə icmaların inkişafına dəstək verəcəyinə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə insanların ehtiyaclarının təmin edilməsində mühüm rola malik olacağını qeyd edib.
Daha sonra Dövlət Komitəsinin sədri Bahar Muradova göstərilən dəstəyə görə rayon İcra Hakimiyyətinin başçısına təşəkkür edib.
Komitə ilə BMT-nin İnkişaf Proqramı arasında uzunmüddətli əməkdaşlığın mövcud olduğunu bildirən B.Muradova birgə reallaşdırılan layihələrin müsbət nəticələrinin həm insanların həyatında, həm də əhval-ruhiyyəsindəki təsirini vurğulayıb. Həmçinin Horadiz İcma Resurs Mərkəzinin yaradılması və ilk pilot layihə olaraq məhz icmaya yönəlmiş layihələrin reallaşdırılmasının vacibliyi qeyd edilib.
Qeyd edilib ki, Vətən müharibəsi mülki vətəndaşların həyatını itirməsi və yüzlərlə insanın yaralanması, psixoloji travma alması, eyni zamanda, onların yaşamaq üçün əsas vasitələrdən məhrum olması ilə nəticələnib. Əhalinin həssas qrupunu təşkil edən qadınlar, uşaqlar və əlilliyi olan şəxslərin çətinliklə mübarizə apardığı bir vaxtda COVID-19 pandemiyası bu çətinliyi daha da ağırlaşdırır.
Bahar Muradova diqqətə çatdırıb ki, reallaşdırılan layihələr nəinki qadınlara, müharibədən zərər çəkən hər kəsə, o cümlədən uşaqlara və əlilliyi olan şəxslərə də yardım göstərəcək. O, qeyd edib ki, işğaldan azad olunmuş digər ərazilərimizdə də İcma resurs mərkəzlərinin yaradılması və fəaliyyətinin genişləndirilməsinə ehtiyac vardır.
BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı Rezident Nümayəndəsinin müavini vəzifəsini icra edən Çaru Bist çıxış edərək Azərbaycan hökuməti və bir sıra beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən layihələrdə diqqətin daim həssas qruplara yönəldiyini vurğulayıb. Çaru Bist bildirib ki, həm psixo-sosial, həm də digər sahələrdə olan dəstəyin göstərilməsi məqsədilə keçirilən layihələr ümumilikdə 3308 nəfəri əhatə edir.
Dövlət Komitəsi ilə əməkdaşlıqdan məmnunluq duyduğunu bildirən Ç. Bist İcma resurs mərkəzinin çoxistiqamətli fəaliyyətindən bəhs edib, həmçinin gələcəkdə də bir sıra uğurlu layihələrin həyata keçiriləcəyinə əminliyini qeyd edib.
Qeyd edək ki, gün ərzində davam edən səfər zamanı Horadiz Sürətli Təsir Layihəsinin benefisiarları ilə görüş keçirilib, qonaqlar Qazaxlılar və Əhmədalılar kəndlərində yolların təmir edilməsi, eləcə də Horadiz şəhərində su təchizatının yaxşılaşdırılması məqsədilə görülən işlərlə tanış olublar.