Dövlət Komitəsinin sədri Bahar Muradova Füzuli rayonunda səfərdədir
Paylaş:
20 dekabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı Rezident Nümayəndəsinin müavini vəzifəsini icra edən Çaru Bistin iştirakı ilə Füzuli rayonuna səfər təşkil olunub.
İlk olaraq Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub. Daha sonra Füzuli Milli Qəhrəmanlar parkını ziyarət edən qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.
Səfər çərçivəsində “Azərbaycanın Füzuli-Horadiz, Ağcabədi və Tərtər rayonlarında əhalinin həssas qruplarının erkən bərpa və icma dayanıqlılığının təmin edilməsi layihəsi” çərçivəsində “Füzuli sürətli təsir” layihələrinin təqdimatı həyata keçirilib və Horadiz İcma Resurs Mərkəzində İcma layihələrinin həyata keçirilməsinə dair video nümayiş olunub.
İcma Resurs Mərkəzi yerli icra hakimiyyətinin 8 nümayəndəsi üçün potensialın gücləndirilməsi üzrə bir sıra təlimlər keçirib. Mərkəz, həmçinin Füzuli, Ağcabədi, Tərtər İcma Resurs Mərkəzləri koordinatorları və Zaqatala, Qusar və Bakı-Xəzər Qadın Resurs mərkəzlərinin koordinatorları üçün ən yaxşı təcrübələri müzakirə etmək və mübadilə aparmaq məqsədilə görüşlər təşkil edib.
Səfərin davamında Horadiz icmasında su xəttinin rəsmi açılış mərasimi baş tutub.
Qeyd edək ki, səfər gün ərzində davam edəcək, Horadiz Sürətli Təsir Layihəsinin benefisiarları ilə görüş keçiriləcək, Əhmədalılar və Qazaxlar kəndində yolların rəsmi açılışı baş tutacaq, təmir olunmuş yollarda sınaq gedişi ediləcək.