3 Dekabr Beynəlxalq Əlillər Günüdür

3 dekabr 2021

Paylaş:

Bütün dünyada hər il dekabrın 3-də Beynəlxalq Əlillər Günü qeyd olunur. Bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Bu günün məqsədi ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunmasına nail olmaq və ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.
Sağlamlıq imkanları məhdud olan şəxslər Dövlət Komitəsinin daim diqqət mərkəzindədir.
Əlilliyi olan şəxslərin hüquqlarının, maddi və mənəvi tələbatlarının dolğun şəkildə təmin olunması istiqamətində fəal və məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir, həssas təbəqədən olan əhali qrupları, xüsusilə də sağlamlıq imkanları məhdud olan şəxslər və onların ailə üzvləri hər zaman diqqət mərkəzində saxlanılır.
Komitə tabeliyindəki 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri bölgələrdə həssas təbəqədən olan ailələrlə psixososial iş aparmaqla yanaşı xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların ailə üzvlərinin cəmiyyətə inteqrasiyası məqsədilə onlar mərkəzdə fəaliyyət göstərən aktiv, ünsiyyət və incəsənət terapiyaları, psixoloji konsultasiya xidmətlərinə cəlb edilir. Əlillik probleminin erkən yaşda aşkarlanması üçün “Portec”, “Denver II skrinninq testi”, “SİB-R” qiymətləndirmə sistemləri tətbiq olunmaqla sistemli iş aparılır.
Sağlamlıq imkanları məhdud olan şəxslərə və onların ailələrinə diqqət və qayğının artırılması, problemlərinin həllinə cəmiyyətin diqqətinin cəlb olunması məqsədilə aidiyyatı qurum və təşkilatlarla əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçirilir, beynəlxalq təcrübə öyrənilir, icmalarda mütəmadi maarifləndirmə işləri aparılır.
Hər il olduğu kimi ənənəvi olaraq bu il də 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə mərkəzlərin təşkilatçılığı ilə yerlərdə tədbirlər keçirilir, Vətən müharibəsi iştirakçıları, qazi ailələrinə, eləcə də mərkəzlərin benefisiarı olan sağlamlıq imkanları məhdud şəxslərin ailələrinə səfərlər edilir, onların qayğıları ilə maraqlanılır.
Cari ildə Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə müxtəlif problemlərlə bağlı əlilliyi olan şəxslər tərəfindən 190, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı 132 müraciət daxil olmuşdur. Həmçinin 182 uşaq aktiv və ünsiyyət terapiyasından, 173 uşaq inkişafetdirici məşğələlərdən, 413 nəfər psixoloji konsultasiyalardan bəhrələnmişdir. Eləcə də müraciətlər əsasında 25 nəfər təkərli oturacaq, eşitmə aparatı, ortopedik ayaqqabı və digər ləvazimatlarla
təmin olunmuşdur. “Ailədən-ailəyə” aksiyası çərçivəsində il ərzində sağlamlıq imkanları məhdud uşaqları olan ailələrə müvafiq yardımlar göstərilmişdir.