Tvinninq layihəsi çərçivəsində zorakılıq qurbanlarının dəstəklənməsi ilə bağlı məlumatlandırıcı kitabça hazırlanıb
Paylaş:
Tvinninq layihəsi çərçivəsində məişət zorakılığı göstəriciləri, istiqamətləndirmə qaydaları, risk qiymətləndirilmə alətləri və məişət zorakılığı ilə bağlı məhkəmə işlərinə Avropa standartlarına uyğun baxılması üzrə praktik modellər və müasir qabaqcıl təcrübələri özündə əks etdirən məlumatlandırıcı kitabça hazırlanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovanın çıxışından: “Azərbaycanda məişət zorakılığı və gender bərabərliyi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi və yeni normativ hüquqi aktların qəbul edilməsi bu sahədə müsbət nəticələrin əldə edilməsinə səbəb olub. Buna baxmayaraq dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da bu problemlə hələ də üzləşirik. Cəmiyyətimizdə zorakılığa yer yoxdur və ona hər hansı bir haqq qazandırmaq mümkün deyil. Məişət zorakılığı ilə mübarizədə əsas vasitələrdən biri də maarifləndirmə və qabaqlayıcı tədbirlərin həyata keçirilməsidir. Bura bu istiqamətdə çalışan mütəxəsissilərin beynəlxalq təcrübə nəzərə alınmaqla bilik və bacarıqlardan düzgün istifadə olunması və tətbiq edilməsi daxildir. Adı çəkilən vəsait beynəlxalq təcrübə əsasında hazırlanıb və materialda mütəxəsisslər üçün tövsiyələr, risk qiymətləndirmə vasitələri, eləcə də məişət zorakılığından əziyyət çəkən şəxslərə hüquqi və psixoloji yardım haqqında məlumatlarla tanış ola bilərsiniz. Əminəm ki, vəsait bu sahədə çalışan mütəxəssislərin faəliyyəti üçün faydalı bir vasitə olacaq. Bu işin ərsəyə gəlməsində Litva və Avstriyadan olan həmkarlarımıza təşəkkürümüzü bildiririk“.
Kitabçada siz məişət zorakılığı qurbanlarının dəstəklənməsi ilə bağlı praktiki modellər və müasir qabaqcıl təcrübələrlə tanış ola biləcəksiniz. Burada məzmun istiqamətləndirmə mexanizmlərinin addımlarına uyğun şəkildə təqdim olunur. Kitabçanın başlanğıcındakı fəsillərdə məişət zorakılığının müəyyən edilməsi üzrə təlimatlar yer alıb və təhsil işçiləri, səhiyyə işçiləri, polis əməkdaşları və yerli icra hakimiyyəti orqanlarının mütəxəssisləri üçün nəzərdə tutulub. Sonrakı fəsillər hadisədən sonrakı təhqiqat prosesi və zərərçəkmişə dəstəyin göstərilməsi mərhələsindən bəhs edir. Sonuncu fəsillərdə isə məhkəmə prosesləri zamanı hakimlər üçün faydalı ola biləcək tövsiyələr öz əksini tapıb.
Qeyd edək ki, vəsait Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanıb. Onun məzmununa görə “Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərin təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində hazırlanıb.
Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi