Bərdə terrorundan bir il ötür

27 oktyabr 2021

Paylaş:

Ermənistan Silahlı Qüvvələri 27 və 28 oktyabr 2020-ci il tarixlərində növbəti hərbi cinayət törədərək gündüz saatlarında Bərdə şəhərinə raket zərbələri endirib. Beynəlxalq hüququn norma və prinsiplərini pozaraq insanların sıx cəmləşdiyi məkanları qadağan olunmuş reaktiv sistem “Smerç” yaylım atəşinə məruz qoyması nəticəsində mülki əhali arasında xeyli sayda itki yaşanıb.
Döyüş əməliyyatlarının davam etdiyi 44 gün ərzində Bərdə şəhəri və ətraf yaşayış məntəqələrinə endirilən raket və artilleriya zərbələri nəticəsində 26 qadın, 72 kişi, 14 azyaşlı olmaqla ümumilikdə 112 nəfər xəsarət alıb, 29 nəfər həlak olub. Şəhər infrastrukturuna və insanların əmlakına külli miqdarda ziyan dəyib.
Cəbhə xəttindən xeyli uzaqda yerləşən və heç bir hədəf əlamətləri və hərbi obyekt olmayan şəhərdə mülki insanların məskunlaşdığı yaşayış məntəqələrinin növbəti dəfə hədəf alınması terroru dövlət siyasəti səviyyəsinə qaldırmış Ermənistanın cinayətkar mahiyyətini bir daha nümayiş etdirir.