Bakı və Abşeron iqtisadi rayonu üzrə seçilmiş pilot bələdiyyələrdə yaradılmış Gender Komissiyalarının nümayəndələri üçün təlim keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Əməkdaşlıq Təşkilatı (GİZ) ilə birgə 2012-ci ildən etbarən qadınların ictimai həyatda iştirakının və fəallığının artırılması və gücləndirilməsi, eyni zamanda yerli özünü idarəetmədə-bələdiyyələrdə gender yönümlü idarəetməni təmin etmək məqsədilə bir sıra layihələr həyata keçirir.
Birgə həyata keçirilən “Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə Proqramı” çərçivəsində 2020-ci ildə Respublikanın 15 rayon və şəhərində Bələdiyyələrdə Gender Komissiyaları yaradılmış və əlavə 15 bələdiyyədə gender komissiyasının yaradılması nəzərdə tutulub.
2021-ci ilin oktyabr-noyabr aylarında seçilmiş bələdiyyələrdə yaradılmış Gender Komissiyalarının nümayəndələri üçün bələdiyyələrin hüquq və vəzifələri, gender bərabərliyi, liderlik mövzularında təlimlərə start verilib.
20 oktyabr 2021-ci il tarixində Bakı və Abşeron iqtisadi rayonu üzrə seçilmiş bələdiyyələrdə yaradılmış Gender Komissiyalarının nümayəndələri üçün təlim keçirilib. Təlimi Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov apararaq bələdiyyələrin hüquqları və vəzifələri, mövcud problemlər, çıxış yolları və bu istiqamətdə təcrübə mübadiləsinin mühüm əhəmiyyəti barədə təlim iştirakçılarına məlumat verib.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya təlimdə çıxış edərək gender bərabərliyinin təmin olunması istiqamətində mövcud problemlər, Komitənin bu sahədə həyata keçirdiyi işlər, gender bərabərliyinin təbliği ilə bağlı gender komissiyalarının üzərinə düşən vəzifələr barədə məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.