UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Aleks Haykens ilə görüş keçirildi

30 sentyabr 2021

Paylaş:

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Aleks Haykens ilə tanışlıq görüşü keçirilib.

Bahar Muradova BMT-nin Uşaq Fondunu təmsil edən nümayəndələri salamlayaraq, yeni təyinatı ilə bağlı Aleks Haykensi təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan hökuməti və UNİCEF arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirən Komitə sədri bu münasibətlərin qarşılıqlı faydalı əməkdaşlığa söykəndiyini vurğulayıb. O, UNİCEF-in mandatına daxil olan fəaliyyət istiqamətlərinin ümumilikdə insanlıq, cəmiyyət və uşaq hüquqlarının qorunması üçün vacib olduğuna diqqət çəkərək qeyd edib ki, Azərbaycan öz müstəqilliyini ikinci dəfə bərpa etdikdən dərhal sonra münaqişə ilə üzləşməsi səbəbindən bu mandatın əhəmiyyəti bizim üçün daha da artmışdır. B.Muradova bildirib ki, bu illər ərzində uşaq hüquqlarının qorunması, uşaqların təhlükəsiz mühitdə yaşaması və bərabər inkişafı üçün vacib olan qanunverici aktların təkmilləşməsinə, effektiv icra mexanizmlərinin inkişafına bu əməkdaşlıq böyük töhfələr verib. Komitə sədri A. Haykensin Azərbaycana tarixi bir dönəmdə - Vətən müharibəsində əldə edilən Zəfərdən sonra gəldiyini vurğulayaraq, indiki halda bu əməkdaşlığın əhəmiyyətinin artdığını və bu istiqamətdəki əlaqələrin daha da intensivləşdirilməsinin çox vacib olduğunu diqqətə çatdırıb.

B. Muradova birgə əməkdaşlıq çərçivəsində 4 əsas istiqamət üzrə layihələr haqqında məlumatları diqqətə çatdırıb. O, ilk növbədə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və Milli Fəaliyyət Planını qeyd edərək, strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsində UNİCEF-in göstərdiyi texniki dəstəyi və yaxından iştirakını yüksək qiymətləndirib, eyni zamanda Azərbaycan hökuməti ilə imzalanan “2021-2025-ci illər üçün” ölkə sənədi üzrə müvafiq öhdəliklərin olduğunu vurğulayıb. Üçüncü vacib istiqamət kimi isə “Fövqəladə hallarda uşaq müdafiəsi” layihəsini qeyd edən Komitə sədri, bunun xüsusilə müharibədən zərər çəkən ailə və uşaqlarla psixososial dəstək işinin aparılmasına geniş imkanlar açdığını vurğulayıb: “Bu fəaliyyətə Uşaq və Ailələrə Dəstək Mərkəzləri, qeyri-hökumət təşkilatları, Qadın Resurs və İcma Resurs Mərkəzləri də cəlb edilmişdir. Digər vacib istiqamət isə bu ilin noyabr ayında Azərbaycan Uşaqlarının V Forumunun keçirilməsidir ki, Regional İnkişaf İctimai Birliyi, UNİCEF və Dövlət Komitəsi bu forumun hazırlıq işləri ilə birgə məşğuldur.” B. Muradova A. Haykensin BMT-nin Uşaq Fonduna təyinatı ilə bu məsələlərə yeni bir yanaşmanın tətbiq ediləcəyini, yeni fikir və təkliflərin bu işin daha da səmərəli davam etməsinə kömək edəcəyini diqqətə çatdırıb.

Azərbaycanda olmaqdan məmnunluq duyduğunu qeyd edən Aleks Haykens bildirib ki, ötən il, eləcə də bu ilin keşməkeşli və mürəkkəb olduğunu nəzərə alaraq, UNİCEF öz fəaliyyətini daha da gücləndirməkdədir. Pandemiya və münaqişə kimi çətin dövrdən keçən Azərbaycanın sonrakı mərhələyə qədəm qoyduğunu və bərpa prosesinin təmin edilməsi istiqamətində işlərin aparıldığını diqqətə çatdıran BMT rəsmisi gələcəkdə bu cür hadisələrin qarşısının alınması yolları üzərində düşünmək və uşaqları belə risklərdən qorumaq üçün tədbirlərin görülməsinin vacib məsələ olduğunu vurğulayıb. O, bütün dünyanın hazırda pandemiyadan nomal həyata keçid mərhələsində olduğunu qeyd edərək, xüsusilə təhsil sahəsində bərpa prosesinin getməsinin və uşaqların psixoloji olaraq buna hazırlanmasının son dərəcə vacib olduğunu bildirib.

Aleks Haykens Azərbaycan ilə UNİCEF-in artıq neçə on illiklərdir ki, əməkdaşlıq etdiyini diqqətə çatdıraraq, birgə işlərin və indiyə qədər əldə edilən uğurlu nəticələrin gələcəkdə də davam edəcəyini vurğulayıb. Uşaqlara dair strategiyanın və milli fəaliyyət planının vacibliyinə diqqət çəkən BMT rəsmisi adıçəkilən sənədlərin monitorinq və qiymətləndirmə istiqamətlərinin hazırlanmasında UNİCEF-in də iştirak etdiyini və həyata keçiriləcək tədbirlərə müvafiq dəstəyin verilməsində maraqlı olduqlarını bildirib. O, erkən uşaqlıq dövrünün inkişafı məsələsinin vacibliyini xüsusi vurğulayaraq, bu sahənin bir çox digər sektorlarla əməkdaşlıq tələb etdiyini və gücləndirilmiş koordinasiyanın təmin edilməsinin lazımlı olduğuna diqqət çəkib. Uşaqların erkən yaşdan inkişafında valideynlərin rolunu qeyd edən A. Haykens bu istiqamətdə onların maarifləndirilməsi və təbliğat işinin aparılmasının əhəmiyyətini vurğulayıb.

Görüş Dövlət Komitəsi ilə Uşaq Fondunun ikitərəfli əməkdaşlığı çərçivəsində həyata keçirəcək tədbir və layihələrin müzakirəsi ilə davam edib.

Görüşdə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Uşaq problemləri  şöbəsinin müdiri Cəmilə Bağırova, Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov, Uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov, Monitorinq və Qiymətləndirmə mütəxəssisi Tamerlan Rəcəbov, Səhiyyə proqramının rəhbəri Töhfə Cəmilova iştirak edib.

Sonda xatirə fotosu çəkilib.