“Uşaq hüquqlarının qorunması” təliminin iştirakçıları üçün ekskursiyalar təşkil edilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində uşaq və yeniyetmələrin uşaq hüquqları sahəsində maarifləndirilməsi və asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən “Uşaq hüquqlarının qorunması” adlı təlimlər davam etdirilir.
Qeyd edək ki, təlimlərdə şəhid, qazi və xüsusi qayğıya ehtiyacı olan ailələrdən olan uşaqlar və mərkəz könüllüləri iştirak edir.
Tədbir çərçivəsində iştirakçıların “Hərbi Qənimətlər Parkı” və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiyası təşkil edilib.
“Hərbi Qənimətlər Parkı”na ziyarət zamanı uşaqlara bələdçi tərəfindən Vətən müharibəsi zamanı müzəffər ordumuzun ələ keçirdiyi hərbi qənimətlər barədə ətraflı məlumat verilib, uşaqların sualları cavablandırılıb.
Parkın ərazisində xüsusi yaradılmış pavilyonda bunker, atəş nöqtələri, saxlanclar, tunellər, səddlər və səngərlərlə tanışlıq ziyarətçilərdə böyük marağa səbəb olub.
Uşaqlar “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya zamanı qoruğun ərazisində yerləşən Arxeoloji Etnoqrafik Muzey Kompleksi, Qəsr-qala, Qala Əntiq əşyalar, eyni zamanda Tullantıdan sənətə muzeylərini ziyarət ediblər.