Qadınların məşğulluğunun artırılması məqsədilə tədbirlər davam etdirilir

2 sentyabr 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən regionlarda qadınların məşğulluğunun artırılması, sahibkarlıq istiqamətində təmsilçiliyinin və cəmiyyətdəki nüfuzunun yüksəldilməsi məqsədilə aidiyyəti qurumlar, beynəlxalq və yerli təşkilatların dəstəyi ilə maarifləndirmə tədbirlərinin və layihələrin həyata keçirilməsi davam etdirilir.

Bu baxımdan Şüvəlan UADM-də keçirilən tədbirdə mərkəzin xidmətlərindən faydalanan və məşğulluqla əlaqədar müraciət etmiş qadınlara biznes planın hazırlanması, komanda işi, liderlik bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı faydalı məlumatlar verilib.

Ağdam  UADM tərəfindən rayonun Təzəkənd və İkinci Dördyol qəsəbələrində qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi və öz bizneslərini yaratmasına köməklik göstərmək məqsədilə onlar peşəyönümlü (dərzi, qadın bərbəri) kurslarına yönəldiliblər.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə keçirilən təlimləri uğurla bitirən rayon sakini M.Hüseynova tekstil məhsullarının istehsalı (kiçik dərzi sexi) üçün zəruri aktivlərlə təmin edilib və hazırda özü dərzi peşəsi üzrə hazırlıq kursu təşkil edib. Ağdam UADM məşğulluqla bağlı müraciət edən qadınları ödənişsiz şəkildə həmin kursa cəlb edib.