Xoşbəxtliyi ailədə, evimizdə axtarmışıq...
Paylaş:
Heç kimə sirr deyil ki, Azərbaycanda əsrlər boyu formalaşmış bir ailə modeli, ailə təsəvvürü mövcuddur. “Ailə kiçik dövlətdir” deyirlər. Bu fikri əsas götürən ailələrimiz xoş münasibətləri və dəyərlərimizi qoruyaraq gənc nəslə nümunə olmağa çalışıblar. Hörmət, qarşılıqlı anlaşma, qayğı kimi xüsusiyyətləri öz kiçik dövlətinin əsası, dayağı, sütunu hesab ediblər. Ömür-gün yoldaşı ilə 70 ilə yaxın həyat sürən Sərxoş babanın da dediyi kimi səadəti başqa yerdə yox, evlərində axtarıblar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin bu dəfəki qonaqları 68 il əl-ələ, çiyin-çiyinə illərin sınağından çıxan, ömürlərinin ahıl çağında yetirmələrini başına toplayıb böyük və xoşbəxt ailə tablosu yaradan Səmədovlar ailəsidir. Yaşları 90-nı haqlasa da onların bir-birilərinə olan hörmət və sevgisi hələ də gücünü itirməyib.
Qubadlıda doğulan Firəhnisə nənə uşaq ikən ailəsi ilə Bakıya, Keşlə qəsəbəsinə köçür və həyat, hələ uzun illər onunla eyni yolu gedəcək yoldaşı ilə onu elə Bakıda rastlaşdırır. Əslən Masallı rayonundan olan Sərxoş baba Bakıda əsgərlikdə olarkən Firəhnisə nənəni görüb, bəyənir. Əsgərliyini başa vuran kimi 1953-cü ildə ailəsi ilə birgə Keşləyə gələrək xanımını evinə gəlin gətirir. O, həmin illəri belə xatırlayır: “Bakıda əsgər idim, elə onda görüb bəyəndim. Evləndik. Bizim üçün bağlanan nikah Allaha verilən söz kimi olub. Hər çətinliyə dözmüşük. Xoşbəxtliyi ailədə, evimizdə axtarmışıq. Böyüklərimizdən belə görümüşük, belə də yaşamışıq. Bunu övladlarımıza da ötürməyə çalışmışıq ”.
Evləndikləri gündən Masallı rayonunun Şıxlar kəndində yaşayan, ömürlərini zəhmətə, təsərrüfatda çalışmağa həsr edən bu uzunömürlü ailənin 8 övladı, 27 nəvəsi, 45 nəticəsi, 2 kötükcəsi var. Ümid edirik ki, Səmədovların hekayəsi yetirdikləri 4 nəsil üçün onların da öz övladlarına danışacağı şirin və unudulmaz bir ailə nümunəsi olacaq.