Uşaqların Gəncəyə ekskursiyası təşkil edilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) təşkilatçılığı ilə şəhid, qazi və xüsusi qayğıya ehtiyacı olan ailələrdən olan uşaqların Gəncə şəhərinə ekskursiya təşkil edilib.
Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə təşkil edilən gəzinti zamanı iştirakçılar əvvəlcə Nizami məqbərəsi və Nizami Gəncəvi muzeyini ziyarət ediblər. Burada dahi şairin zəngin ədəbi irsi barədə uşaqlara ətraflı məlumat verilib.
Qeyd olunub ki, Nizami Gəncəvi “Xəmsə” (“Beşlik”) adı ilə məşhur olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemalarının müəllifidir. Məhz Nizami Gəncəvidən sonra Şərgin bir çox böyük şairləri onun təsiri ilə Xəmsələr yazıblar. Böyük mütəfəkkir əsərlərində insanları təvazökar, əməksevər, gözütox, başqaları ilə mülayim rəftar edən ləyaqət sahibi olmağa səsləyirdi. Ekskursiya zamanı verilən məlumatlar uşaqların böyük marağına səbəb olub, onları maraqlandıran sualları muzey əməkdaşlarına ünvanlayıblar.
Daha sonra uşaqlar 2020-ci ilin oktyabrında Ermənistan tərəfindən törədilən Gəncə terrorunun baş verdiyi əraziyə gəliblər. Burada uşaqlara işğalçı Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriya silahlarından atəşə tutduğu barədə məlumat verilib.
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə səfər iştirakçılarda xoş təəssüratlar yaradıb, onlar bir-biri ilə fikirlərini bölüşüb, birlikdə xatirə şəkilləri çəkdiriblər.