30 İyul - İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günüdür

30 iyul 2021

Paylaş:

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2013-cü il 18 dekabr tarixli qətnaməsinə əsasən hər il 30 iyul tarixi İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.
 
İnsan alverinə qarşı mübarizə üçün beynəlxalq səviyyədə xeyli anlaşma, protokol, dövlətlərarası qarşılıqlı yardım sənədləri, konvensiya imzalanıb. Bütün sənədlərdə vurğulanır ki, bu cinayətə qarşı mübarizə aparmaq üçün dövlətlərin qarşılıqlı yardımlaşması labüddür. İnsan alveri insan hüquqlarını, ləyaqət və toxunulmazlığını birbaşa pozur.
 
Ölkəmizdə bu problem ilə mübarizə istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir, mühüm addımlar atılır, bu sahədə beynəlxalq əməkdaşlığa töhfələr verilir.
 
 Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi MFP-nın 4.2.1.  və  4.2.3.-cü bəndlərini rəhbər tutaraq insan alveri ilə mübarizə məqsədilə sosial videoçarx hazırlamışdır.  Eyni zamanda, bu mövzuda mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir, çap və elektron materiallar hazırlanaraq ictimaiyyət arasında paylanılması təmin edilir.
 
Həmçinin bu istiqamətdə araşdırma və təhlillərin aparılması davam etdirilir. Hazırda Komitə və “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin əməkdaşlığı ilə həyata keçirilən “Regionlarda insan alveri probleminin sosial psixoloji aspektlərinin öyrənilməsi, səbəblərinin müəyyənləşdirilməsi və aradan qaldırılması” ilə bağlı təhlil həyata keçilir.
 
Xüsusilə vurğulamalıyıq ki, bu ciddi problemin qarşısının alınması və qurbanlara kömək məqsədi ilə 152 və 562-21-12 Qaynar xətti də fəaliyyət göstərir. 
 
Hər kəsi insan ləyaqətini alçaldan bu bəlaya qarşı mübarizəyə qoşulmağa, insan alveri qurbanlarına dəstək olmağa çağırırıq.