Komitədə BMT-nin Qadınlar üzrə Agentliyinin gender məsələləri üzrə eksperti ilə görüş keçirilib
Paylaş:
16 iyul 2021-ci il tarixində Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsində BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) gender məsələləri üzrə eksperti Klara Vazla görüş keçirilib.
Sədr müavini Sədaqət Qəhrəmanova qonaqları salamlayaraq, Dövlət Komitəsinin fəaliyyəti haqqında geniş məlumat verib. O qeyd edib ki, kişi və qadınlar üçün bütün sahələrdə bərabər imkanların yaradılması, gender stereotiplərinin aradan qaldırılması, qadın hüquqları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, qadınların cəmiyyətin bütün sahələrində fəallığının artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
S. Qəhrəmanova 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin qadın hüquqlarının həyata keçirilməsi və gender bərabərliyinin təmin olunması istiqamətində atılmış vacib addımlardan olduğunu bildirib. O əlavə edib ki, Qanunun 20-ci maddəsinə əsasən gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən Dövlət Komitəsi bu barədə Milli Məclisə illik məlumat təqdim edir.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edildiyini bildirən sədr müavini, sənədin dövlətin bu sahəyə göstərdiyi diqqətin təzahürü olduğunu vurğulayıb.
BMT-nin İnkişaf Proqramı ilə birgə “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi haqqında məlumatı diqqətə çatdıran S. Qəhrəmanova layihə çərçivəsində rayon və kənd yerlərində yaşayan qadınların seçdiyi fəaliyyət sahəsində bilik və bacarıqlarının təkmilləşdirməsi, ictimai həyatın bütün sahələrində fəallığının artırılması məqsədilə Qadın Resurs Mərkəzlərinin yaradıldığını diqqətə çatdırıb.
Qeyd edilib ki, “Azərbaycan Respublikasında Gender bərabərliyi üzrə 2020-2024-cü illər üçün” Milli Fəaliyyət Planının və BMT Təhlükəsizlik Şurasının “Qadınlar, Sülh və Təhlükəsizlik üzrə 1325 saylı Qətnaməsinin Azərbaycan Respublikasında Tətbiqinə dair 2020-2023-cü illər üçün” Milli Fəaliyyət Planının Nazirlər Kabinetinə təqdim olunması da Komitə tərəfindən təmin edilib.
Daha sonra səmimi qəbula görə təşəkkürünü bildirən BMT-nin gender məsələləri üzrə eksperti Klara Vaz Dövlət Komitəsinin həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirib. O, qeyd edib ki, Komitə ilə BMT-nin mövqeyi bir çox müstəvilərdə üst-üstə düşür. Qadınların sülh və təhlükəsizliyi mövzusuna toxunan ekspert bu sahənin əhəmiyyətini xüsusi vurğulayıb.
Qadınların ictimai-siyasi həyatda fəal iştirakı, onların dövlət idarəçiliyində təmsilçiliyi, iqtisadi cəhətdən gücləndirilməsi mövzularında fikir mübadiləsi aparılıb.
Görüşdə Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdir müavini Kəmalə Haqverdiyeva, İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aidə Seyidli, şöbənin əməkdaşı Leyla Şərifzadə, Qadın Problemləri və Gender Məsələləri şöbəsinin əməkdaşı Sevinc Məmmədova və BMT-nin əlaqələrin inkişafı üzrə əməkdaşı Şəmsiyyə Mustafayeva da iştirak edib.