Dövlət Komitəsi uşaqların internetdən təhlükəsiz istifadəsinin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir
Paylaş:
Müasir dövrdə rəqəmsallaşma, informasiya texnologiyaları, sərhədsiz internet artıq həyatımızda xüsusi yer alaraq, bir tendensiyaya çevrilmişdir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı olmadan müasir cəmiyyətlər uğurlu fəaliyyət göstərə bilməz. Bütün bunlar proqresin müsbət tərəfidir. Bu səbəbdən də internetdən düzgün istifadə qaydasını aşılamaq qarşımızda duran əsas məqsədlərdən biridir. Xüsusilə də nəhəng onlayn platformada uşaqların təhlükəsizliyinin təmin edilməsi, mənfi təsirlərdən onların qorunması istiqamətində fəaliyyətin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Dövlət tərəfindən uşaqların zərərli informasiyadan müdafiəsi istiqamətində vacib addımlar atılır, mühüm tədbirlər həyata keçirilir. Bu istiqamətdə 2020-ci ilin yanvar ayından qüvvəyə minən “Uşaqların zərərli informasiyadan qorunması” haqqında Qanun mühüm əhəmiyyətə malikdir. Komitə bu qanunun hazırlanmasında bilavasitə yaxından iştirak etmiş, eyni zamanda Qanunun icrasından irəli gələrək, Ekspert Şurası və Müsabiqə Komissiyası yaradılmışdır. Həmçinin mütəmadi olaraq, Komitə tərəfindən uşaqların internet təhlükəsizliyi mövzusunda maarifləndirici tədbirlər keçirilir, sosial şəbəkələrdə məlumat xarakterli paylaşımlar edilir.
Həyata keçirilən tədbirlərdən biri də Ailə, Qadın və Uşaq Problmeləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə “E-box” şirkəti tərəfindən yaradılan “Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramıdır. 2018-ci ildən fəaliyyət göstərən proqram valideynlərə və qurumlara uşaqlar və ailələr üçün təhlükəsiz istifadə təcrübələri yaratmağa kömək etmək üçün hazırlanmış sürətli, məxfiliyə əsaslanan bir tətbiqdir. Tərkibində 1 milyondan çox beynəlxalq axtarış sistemləri və resurslarında təsdiqlənmiş suisid, zərərli vərdişlər, pornoqrafik, insan alveri, terrorizm, spam, fishing və s. olmaqla filtrasiya kontenti mövcuddur. Sistem çalışdığı zaman axtarış prosesində birbaşa olaraq serverdəki bazadan istifadə edərək interneti süzgəc kimi filtrdən keçirir və təhlükəsizlik standartına uyğunlaşdırır.
Proqramı https://kidsafe.az/ saytından yükləyərək Windows və Android mobil platformalarında quraşdırmaq olar. Proqramın yaradılmasında məqsəd onlayn məkanda uşaqları internetdəki zərərli informasiyalardan qorumaq və valideynlərin övladlarının internetdən təhlükəsiz şəkildə istifadə etmələrinə nəzarət etmək imkanlarını gücləndirməkdir.
Proqramın digər xüsusiyyətlərindən biri də desktop versiyası ilə uzaqdan kompüterə qoşularaq vaxt limiti, bloklamaq və nəzarət kimi funksionallıqdan istifadə etmək mümkündür. Sistemdə əlavə olaraq, boş vaxt modulundan irəli gələrək blog sistemi də yaradılmışdır ki, səhiyyə, psixoloji aspektlər, hüquqi maarifləndirmə, sual-cavab kateqoriyaları üzrə məlumatlar yerləşdirmək olar.
Filtr sistemi 1,4 milyon təhlükəli vebsayt ve 450.000-dən çox təhdid kontentləri bazasına malikdir. Filtr onlayn mühitdə güvənli bir müdafiə sistemi olduğu üçün ailələr üçün faydalıdır. Proqramda uşağın istifadəsi zamanı keylogger sistemi işə düşərək istifadə etdiyi vebsaytlar, proqramlar və sözlər kimi istənilən məlumatlar qeyd edilərək valideynə ötürülür.
Hazırda proqramda 10050 istifadəçi, 12000-dən çox əlavə edilmiş cihaz, 456000 axtarış tarixçəsi vardır. BMT Uşaq Fondunun da dəstəyi ilə proqram 2021-2022-ci illər ərzində ödənişsiz fəaliyyət göstərəcək. Ailələr bu proqramdan davamlı şəkildə tam istifadə edə biləcəklər.
Qeyd edək ki, tətbiq Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin tövsiyələri də nəzərə alınmaqla hazırlanmışdır və proqramın daha da təkmilləşdirilməsi nəzərdə tutulur.
#kiberbullinq #internettəhlükəsizliyi #uşaqlarıninternettəhlükəsizliyi #kibertəhlükəsizlik #cybercrime #childrencybersafe #cybersafe #kidsafe #uşaqmüdafiəsi #online #cybersecurity #internetsafety #cyberbulling