“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun icrasından irəli gələn məsələlərin müzakirəsi məqsədilə Ekspert Şurasının üzvləri ilə görüş keçirildi
Paylaş:
01 iyul 2021-ci il tarixində “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasından irəli gələn məsələlərin müzakirəsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış Ekspert Şurası və Müsabiqə Komissiyasının üzvlərinin onlayn formatda görüşü təşkil edilib.
Dövlət Komitəsinin sədr müavini, Ekspert Şurasının və Müsabiqə Komissiyasının sədri Aynur Sofiyeva iştirakçıları salamlayaraq, görüşün əhəmiyyətini və məqsədini qeyd edib. O, gündəlikdə olan əsas məsələnin Ekspert Şurasının fəaliyyəti istiqamətində qabaqcıl təcrübənin öyrənilməsi üzrə fikir mübadiləsi və iş bölgüsünün olduğunu diqqətə çatdırıb. Eyni zamanda, Komitə tərəfindən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun 13-cü maddəsinə əsasən, informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi üçün keçiriləcək müsabiqənin əhəmiyyətinə ictimaiyyətdə diqqət çəkmək üçün mövzunun kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə işıqlandırılması məsələsini vurğulayıb.
Müzakirələrdə iştirak edən Ekspert Şurasının üzvü olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Aysel Hadiyeva, Milli Televiziya və Radio Şurasının nümayəndəsi Nemət Cavadov, Mədəniyyət Nazirliyinin nümayəndəsi Elşad Əliyev, müstəqil ekspert, psixoloq Elmira Mirzəyeva, müstəqil ekspert, pedaqoq-psixoloq Kəmalə Qəhrəmanova və Müsabiqə Komissiyasının üzvləri çıxış edərək, müvafiq mövzu ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Müzakirələrin yekununda Aynur Sofiyeva Ekspert Şurasının və Müsabiqə Komissiyasının üzvlərinin iştirakı ilə mütəmadi görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.