“Azərbaycan BMT daxilində islahatlara qiymət verən ölkələr sırasına daxil edilib”

10 iyun 2021

Paylaş:

Bu sözləri ölkəmizdə diplomatik fəaliyyətini başa çatdıran BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İsakzai 10 iyun  2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə keçirilən vida görüşündə səsləndirib.

Görüş çərçivəsində qurumlar arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən uğurlu fəaliyyət və gələcək perspektivlər müzakirə edilib.

Qonaqları salamlayan Bahar Muradova diplomatik fəaliyyəti dövründə səmərəli və mühüm xidmətlərinə, eləcə də ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə BMT rəsmisinə təşəkkürünü bildirib. O qeyd edib ki, ötən illər ərzində BMT və onun bir sıra qurumlarının Azərbaycan hökuməti, cəmiyyəti və parlamenti ilə işləri intensiv xarakter daşımış və müxtəlif səviyyələrdə mütəmadi görüşlər keçirilmişdir. Hər hansısa bir quruma rəhbərlik edən, yaxud onu hansısa ölkədə təmsil edən insanların fərdi keyfiyyətlərinin, ortaya qoyulan məsələlərə münasibətinin görülən bütün işlərə təsir etdiyini deyən B. Muradova Q.İsakzainin Azərbaycandakı fəaliyyətini xüsusi qiymətləndirərək, onun BMT nümayəndələri sırasında mühüm nailiyyətlərin əldə edilməsində rolunu qeyd edib.

Uzun illər siyasi leksikonumuzda Dağlıq Qarabağ məsələsinin BMT qətnamələri ilə birgə işləndiyini vurğulayan Komitə sədri bildirib ki, Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edərək qələbə qazandı və siz də əvvəl Azərbaycanda xidmət göstərən digər BMT nümayəndələrindən fərqli olaraq bu tarixi hadisənin şahidi oldunuz və Vətən müharibəsi dövründə həm BMT rəsmisi, həm də humanist bir insan kimi öz dəstəyinizi göstərməyə çalışdınız.

Daha sonra səmimi qəbula və ünvanına səslənən xoş sözlərə görə təşəkkürünü bildirən Qulam İsakzai 5 illik fəaliyyəti dövründə Azərbaycan hökuməti ilə birgə həyata keçirilən vacib tədbirləri xatırladaraq, bu müddət ərzində görülən bütün işlərin mühüm nəticələr verdiyini qeyd edib. O, Azərbaycandakı diplomatik fəaliyyətindən məmnunluq duyduğunu və bu illərin onun həyatına zənginlik gətirən təcrübə olduğunu vurğulayıb. Q.İsakzai fəaliyyətinin Azərabaycanın torpaqlarını geri qaytardığı vacib bir məqama təsadüf etməsini, bu tarixi anı yaşamasını xüsusilə diqqətə çatdırıb. Ən uzun müddətli fəaliyyət göstərdiyi ölkənin Azərbaycan olduğuna diqqət çəkən BMT rəsmisi  bunun ölkəmizə olan xüsusi bağlılığı və marağından irəli gəldiyini qeyd edib.

BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Komitə ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən genişmiqyaslı layihələr haqqında danışaraq, gender bərabərliyi sahəsində əldə edilən uğurlara toxunub və Komitənin BMT-nin dəyərli və yaxın tərəfdaşı olduğunu vurğulayıb. Azərbaycan hökuməti ilə imzalanan proqram xarakterli əməkdaşlıq çərçivə sənədində gender bərabərliyi məsələsinin ayrıca əks olunduğunu qeyd edən Q.İsakzai bildirib ki, bu baxımdan həmin sənəd region üçün unikal hesab edilməlidir.

O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında Azərbaycanda güclü qadın liderlərin olduğunu və qadınların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyini qeyd edib. Eyni zamanda Azərbaycanın əldə etdiyi uğurlar nəticəsində beynəlxalq səviyyədə 6 ölkədən biri kimi seçildiyini və BMT daxilində aparılan islahatlara qiymət verən ölkələr sırasına daxil edildiyini diqqətə çatdırıb.

B. Muradova Komitənin hər zaman olduğu kimi gələcək layihələrdə də BMT ilə əməkdaşlığa xüsusi əhəmiyyət verəcəyini və bu əməkdaşlığın davamlı olacağını qeyd edib. O, bir daha cənab Q.İsakzainin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirərək, gələcək fəaliyyətində uğurlar arzu edib.

Sonda xatirə şəkli çəkdirilib.

Görüşdə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdir müavini Kəmalə Haqverdiyeva, BMT-nin əlaqələrin inkişafı üzrə əməkdaşı Şəmsiyyə Mustafayeva da iştirak edib.