“Ailə institutunun möhkəmləndirilməsinin aktual istiqamətləri: milli və xarici təcrübə” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

18 may 2021

Paylaş:

18 may 2021-ci il tarixində Özbəkistan Respublikasının Məhəllə və Ailəyə Dəstək Nazirliyinin nəzdində fəaliyyət göstərən “Məhəllə və Ailə” Elmi-tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Ailə institutunun möhkəmləndirilməsinin aktual istiqamətləri: milli və xarici təcrübə” mövzusunda beynəlxalq onlayn elmi-praktik konfrans keçirilib.

15 may-Beynəlxalq Ailə Günü”nə həsr edilmiş konfransın əsas məqsədi sosial demoqrafik inkişafın ailə institutuna təsirinin prioritet istiqamətlərinin müzakirəsi və qadınlara sosial dəstək, ailədə gender bərabərliyinin ekonomik, hüquqi, sosial əsasları, ailə tərbiyəsində milli və insani dəyərlərin rolu ətrafında fikir mübadiləsinin aparılması, təcrübələrin öyrənilməsidir. Konfransda Özbəkistan Respublikasından dövlət orqanlarının və vətəndaş cəmiyyəti institutunun nümayəndələri, ekspertlər, xarici ölkələrdən tərəfdaş dövlət orqanlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Özbəkistan Respublikasının aidiyyəti nazirliyinin dəvəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova konfransda iştirak edərək, “Azərbaycanda dövlət ailə siyasətinin inkişafı: Müasir Azərbaycan ailəsi və milli-mənəvi dəyərlər” mövzusunda çıxış edib. G.Məmmədova çıxışı zamanı Azərbaycan Respublikasında həyata keçirilən uğurlu ailə siyasəti, qadın və uşaq məsələləri ilə bağlı təsdiq olunan Dövlət Proqramları, Milli Fəaliyyət Planları, eyni zamanda Komitə tərəfindən milli-mənəvi dəyərlərin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi ilə bağlı keçirilən tədbirlər haqqında danışıb, həssas təbəqədən olan ailələrin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən proqram və layihələr haqqında konfrans iştirakçılarına məlumat verib.

Konfrans çıxış və müzakirələrlə davam edib.