“Ailə Strategiyası” layihəsinin müzakirəsi keçirilib

17 may 2021

Paylaş:

17 may 2021-ci il tarixində  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Ailələrə dair 2021–2030-cu illər üçün Strategiyası” layihəsinin ilk ictimai müzakirəsi keçirilib.

Tədbir Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları, Dövlət Komitəsi yanında İctimai Şura, Milli Elmlər Akademiyası, Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin, müxtəlif universitetlər və vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də bu sahə üzrə ixtisaslaşan ekspertlərin iştirakı ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayaraq  hər kəsi Beynəlxalq Ailə Günü və bu günlərdə uzun fasilədən sonra keçirilən “Xarıbülbül Festivalı” münasibətilə təbrik edib.  

Bahar Muradova istər beynəlxalq, istərsə də dövlət səviyyəsində qəbul edilən sənədlərin Dövlət Komitəsi qarşısında zəfərdən sonrakı dövrdə fəaliyyətini yeni tendensiyalara uyğun olaraq qurmaq öhdəliyi qoyduğunu qeyd edib. O, həm pandemiyadan irəli gələn nəticələri, həm də müharibə və postmüharibə vəziyyətinin qarşıya çıxardığı vəzifələri nəzərə alaraq bütün öhdəliklərə bir daha baxmaq və perspektivləri ciddi sərf-nəzər etməyin vacibliyini vurğulayıb.

Komitə sədri BMT-nin “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi”ndə əks olunan Dayanıqlı İnkişaf Məqsədlərinin, eyni zamanda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin qarşıya qoyduğu vəzifələrdən irəli gələrək ailə hüququnun təmin olunması, bu sahədə dövlət siyasətinin prioritet istiqamətləri və zamanın tələblərinə, mövcud problemlərə uyğun yeni sənədlərin hazırlanmasına ciddi ehtiyac duyulduğunu və son zamanlar ictimaiyyətin də bu məsələlərə xüsusi diqqət etdiyini bildirib.

Daha sonra Komitə sədri qeyd edib ki, ailə hüququ sahəsində, eləcə də valideyn məsuliyyətinin artırılması, nikaha məcburetmə hallarının aradan qaldırılması istiqamətində bugünədək ciddi işlər görülüb: “Zamanında atılmış addımlar, erkən nikahların qarşısının alınması istiqamətində  görülən işlər, qanunvericiliyə edilən dəyişikliklər, eləcə də məsuliyyət müəyyən edən maddələrin qanunvericiliyə daxil edilməsi bu sahədə müəyyən müsbət tendensiyaları formalaşdırıb”.

Dövlət Komitəsinin əməkdaşlarından ibarət İşçi Qrupun Strategiya layihəsini hazırladığını vurğulayan B.Muradova sənədin məqsədinin mövcud vəziyyətin monitorinqini aparmaq və vəziyyəti dəyişmək istiqamətindəki tədbirləri nəzərdə tutduğunu qeyd edərək sözü Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsinin müdiri Taliyə İbrahimovaya verib.

Taliyə İbrahimova Strategiyanın məqsədləri, prioritet istiqamətləri və nəticələri ilə bağlı geniş təqdimatla çıxış edərək sənədin mövcud vəziyyət nəzərə alınmaqla qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq hazırlandığını bildirib. Strategiyada əsas 5 məqsəd və 62 prioritet istiqamətin nəzərdə tutulduğunu qeyd edib. Strategiyanın nəticələri sırasında ailə qanunvericiliyinin təkmilləşdirilməsi, “Reproduktiv sağlamlıq haqqında” Qanunun qəbul edilməsi, “Ailə Psixoloqu” institutunun yaradılması olduğuna diqqət çəkib. Təqdimatının sonunda T.İbrahimova İctimai Şura üzvlərinin təqdim etdiyi təkliflərə münasibətini bildirib.

Şair, publisist, sosioloq, ictimai xadim Əhməd Qəşəmoğlu Strategiya və sənədin hazırlanmasında iştirak edən əməkdaşların əməyini yüksək qiymətləndirərək bu tip sənədlərin hazırlanmasının müasir metodologiyası və fəlsəfəsindən bəhs edib. Hazırki dövrdə ailə dəyərləri barədə gəncliyin aydın təsəvvürlərinin, ortaq maraqların, ailədə yaşanan problemlərə ictimai qınağın formalaşdırılması barədə söz açan sosioloq Strategiyada əksini tapan məsələlərlə bağlı fikirlərini səsləndirib.

Daha sonra “Vətəndaşların əmək hüquqlarının müdafiəsi liqası”nın rəhbəri, Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Sahib Məmmədov çıxış edərək ailə institutunun, reproduktiv sağlamlığın qorunması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması ilə bağlı təkliflərlə çıxış edib, dayə institutları, uşaq bağçlarının inkişaf etdirilməsi, mediasiya prosedurları ilə bağlı məsələlərə toxunub.

Tədbirin davamında çıxış edən professor Rəna Mirzəzadə müasir dövrdə hazırlanan sənədlərdə millilik, ənənəvilik və beynəlxalq təcrübəyə əsaslanmanın vacibliyini vurğulayıb.

Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İB sədri İradə Əlili, Əməkdar müəllim Zülfiyyə Əliyeva, İnkişafa doğru Qadın Təşəbbüsü İB sədri Ziba Nəbiyeva, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İB sədri Nailə İsmayılova, “Təmiz Dünya” Qadın İB sədri Mehriban Zeynalova, Gövhər İbrahimova, folklorşünas alim Fəridə Hicran, Ümidli Gələcək Sosial Təşəbbüslər İB sədri Kəmalə Aşumova  çıxış edərək Strategiya ilə bağlı, ailələrimizin gücləndirilməsi, sağlamlığının təmin edilməsi, ailə dəyərlərinin təbliği  istiqamətində fikir və təkliflərini səsləndiriblər. İştirakçılar hazırlanan sənədin Azərbaycan ailəsinin möhkəmləndirilməsinə töhfə verəcəyinə inamlarını ifadə ediblər.

Tədbirin yekununda səsləndirilən fikirlərə münasibət bildirən Komitə sədri yaranan  mənfi tendensiyaların qarşısının alınması istiqamətində dövlətin, xalqın və vətəndaş cəmiyyətinin birgə mübarizə aparmalı olduğunu vurğulayıb və tədbir iştirakçılarına müzakirədə iştirak etdiklərinə, dəyərli təklif və mülahizələrinə görə təşəkkür edib.