15 may Beynəlxalq Ailə Günü kimi qeyd olunur
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2008-ci ildən etibarən hər il Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq,15 may “Beynəlxalq Ailə Günü” ilə bağlı silsilə tədbirlər keçirilir.
“Beynəlxalq Ailə Günü” ərəfəsində Azərbaycanın bütün bölgələrini əhatə edən tədbirlərin keçirilməsinin əsas məqsədi cəmiyyətin diqqətinin bir daha ailə məsələlərinə yönəldilməsi, ailə institutunun möhkəmləndirilməsi, sağlam və güclü ailələrin təbliğ edilməsidir.
Bu il də 15 may “Beynəlxalq Ailə Günü” Komitə və onun nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərində, o cümlədən Komitənin tövsiyələri əsasında yerli icra hakimiyyətləri tərəfindən çoxşaxəli tədbirlərlə qeyd olunur. Belə ki, may ayının əvvəllərindən başlayaraq Komitə tərəfindən Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərində və regionlarda yerləşən orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində, eləcə də ümumtəhsil məktəblərində yeniyetmələr, gənclər və onların valideynləri üçün müəllim heyətinin iştirakı ilə bir sıra maarifləndirmə tədbirləri keçirilib:
Məişət zorakılığının qarşısının alınması, ailənin, xüsusilə uşaq və gənclərin psixoloji durumuna mənfi təsir göstərməsi barədə məlumatlandırma məqsədilə Şəki Dövlət Regional və Ağdaş Dövlət Humanitar Kolleclərinin, eləcə də Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbə, valideyn və müəllim heyətinin iştirakı ilə “Məişət zorakılığı ailənin psixoloji iqliminə təsir edən amil kimi” mövzusunda;
Astara rayon Kijəbə qəsəbəsinin tam orta məktəbinin valideyn və müəllimləri üçün “Ailə dəyərlərinin uşaqlara aşılanmasında müəllimlərin və valideynlərin rolu” mövzusunda;
Qaradağ rayonunda yerləşən 288 saylı tam orta məktəbdə Səhiyyə Nazirliyinin ekspertinin iştirakı ilə “Sağlam həyat tərzi. Ziyanlı vərdişlərin (narkomaniya, toksikomaniya, alkoqolizm) insan sağlamlığına təsiri“ mövzusunda;
Qəbələ Dövlət Peşə Mərkəzində “Təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda;
“Məktəblinin dostu” layihəsi çərçivəsində Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakı şəhəri 57 saylı tam orta məktəbdə şagird, valideyn və müəllimlər üçün “Ailə dəyərlərinin uşaqlara aşılanmasında müəllimlərin və valideynlərin rolu” mövzusunda onlayn görüşlər keçirilib.
Eyni zamanda “Beynəlxalq Ailə Günü” ilə bağlı bir sıra tədbirlərin keçirilməsi də planlaşdırılır. 17 mayda qeyri-hökümət təşkilatları nümayəndələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Ailə Strategiyası” layihəsinin ilkin müzakirəsinə həsr olunmuş onlayn görüşün keçirilməsi nəzərdə tutulub.
Qaradağ və Sabunçu rayonlarında rayon icra hakimiyyətləri ilə birgə, eləcə də Xəzər rayonunda yerləşən Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Açıq Qapı” günləri keçiriləcəkdir. Tədbirin məqsədi 3 gün ərzində ailələr üçün psixoloq, hüquqşünas və sosial işçilərin iştirakı ilə məsləhətlər aksiyasının təşkil olunmasıdır.
Bu istiqamətdə işlər Komitənin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzində də davam etdiriləcək. Tədbirlər çərçivəsində ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, övlad-valideyn münasibətlərinin tənzimlənməsi, sağlam həyat tərzinin təbliği, ailə planlaşdırılması və reproduktiv sağlamlıq və digər mövzularla bağlı aksiya və maarifləndirmə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi ilə birgə əməkdaşlıq çərçivəsində yerli qeyri-hökumət təşkilatları nəzdində fəaliyyət göstərən xidmət mərkəzləri və sığınacaqların sosial işçi və psixoloqları üçün “Sosial iş və ailələrin qiymətləndirilməsi. Sosial Reabilitasiya” mövzusunda təlimlərin keçirilməsi planlaşdırılır.
Həmçinin, Komitə tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyini təmin etmək və onları dəstəkləmək üçün dövlət qurumları və yerli səviyyəli istiqamətləndirmə mexanizmlərinin potensialının artırılması” üzrə həyata keçirilən Tvinninq layihəsi çərçivəsində polis işçiləri, Monitorinq Qruplarının üzvləri üçün "Məişət zorakılığı göstəriciləri, istiqamətləndirmə qaydaları və risk qiymətləndirmə meyarları üzrə beynəlxalq standartlar” mövzusunda onlayn təlimlərin keçirilməsi nəzərdə tutulur.
Xüsusilə vurğulamaq lazımdır ki, bu il Komitənin fəaliyyətində həm 44 günlük müharibə, həm də post müharibə dövründə şəhid və qazi ailələri, eyni zamanda müharibənin nəticələrindən bu və ya digər formada zərər çəkmiş ailələrə psixo-sosial dəstək işinin aparılması önəmli yer tutur. Komitə və tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin sosial işçi və psixoloqları fəaliyyət göstərdikləri ərazilərdə mütəmadi olaraq şəhid və qazi ailələrinə səfər edərək onların ehtiyaclarının müəyyənləşdirilərək fərdi və qrup şəklində sosial işin aparılması və onların icmada mövcud xidmətlərlə əlaqələndirilməsi işini həyata keçirirlər.