“Vətəni sevək, ona layiq olaq!” layihəsi çərçivəsində uşaqların idmançı İlham Zəkiyevlə görüşü keçirildi

7 may 2021

Paylaş:

6 may 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Vətəni sevək, ona layiq olaq!” layihəsi çərçivəsində ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu, yeddiqat Avropa çempionu İlham Zəkiyevlə ilə Uşaq Səfirlər məclisinin üzvləri, eləcə də, respublikanın regionlarından olan istedadı və fəallığı ilə seçilən 100-ə yaxın uşağın iştirakı ilə görüş təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Komitənin şöbə müdiri Cəmilə Bağırova layihə çərçivəsində ölkənin görkəmli və tanınmış şəxsləri ilə uşaqların görüşünün təşkil edilməsinin uşaqların gələcək inkişafına mühüm töhfə verdiyini qeyd edib. O, görüşdə İlham Zəkiyevin karyerasındakı uğurlarından danışıb və Azərbaycan xalqının hər zaman onu dəstəklədiyini bildirib.

Çıxış edən İ.Zəkiyev həqiqi hərbi xidmətdə olduğu zaman düşmən snayperindən açılan atəş zamanı yaralandığını qeyd edib. O, bundan sonra peşəkar karyerasına başlamasından da söhbət açıb.

İ.Zəkiyev iştirakçılara beynəlxalq yarışlar zamanı qazandığı qalibiyyətlər haqqında danışaraq, bu yolda qarşılaşdığı çətinliklərdən bəhs edib. Onu ən çox sevindirən uğurlarından birinin isə “2015 Avropa Oyunları” zamanı qızıl medal qazanarkən bunu Prezident cənab İlham Əliyevə “Silahlı Qüvvələr Günü” münasibətilə hədiyyə etdiyini və Prezidentin onunla birlikdə kürsüyə çıxdığını bildirib. İdman karyerasında bütün zirvələri fəth edən İ.Zəkiyev uşaqların suallarını cavablandırarkən karyerasını hələ bitirməyəcəyini və qarşıdan gələn Paralimpiya oyunlarına hazırlaşdığını bildirib.

Görüş zamanı idmançı uşaqları maraqlandıran sualları cavablandırıb, eyni zamanda uşaqların gələcək inkişafı üçün elm və təhsilin önəmli olduğunu vurğulayıb. O bildirib ki, yalnız savadlı, vətənpərvər nəsil Azərbaycanı gələcək uğurlara apara bilər.