Dövlət Komitəsi ilə UNICEF arasında 2021-2022-ci illərə dair Fəaliyyət Planı imzalanıb

5 may 2021

Paylaş:

5 may 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə BMT Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin arasında görüş keçirilib. 

Görüşdə ötən il ərzində uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər və növbəti illər üçün nəzərdə tutulan layihələr müzakirə edilib.

Dövlət Komitəsinin sədri Bahar Muradova pandemiya, müharibə və post müharibə dövrü ərzində keçirilən layihələrə verdiyi dəstəyə görə BMT Uşaq Fonduna təşəkkürünü bildirərək qeyd edib ki, ötən görüşlərimizdən keçən müddət ərzində əldə edilən nəticələr onu deməyə əsas verir ki, görüşlərimiz mühüm layihələrin reallaşması, əlaqələrimizin daha da möhkəmlənməsi baxımından olduqca əhəmiyyətli olmuş, Komitənin fəaliyyət sferasına aid olan məsələlər istiqamətində UNICEF ilə əməkdaşlıq səmərəli şəkildə həyata keçirilmişdir. Ötən ilin çətinliklər yaratmasına baxmayaraq, Komitənin mühüm nailiyyətlər əldə etdiyini vurğulayan B.Muradova bir sıra milli inkişaf prioritetlərini özündə əks etdirən sənədlərin qəbul edildiyini diqqətə çatdırıb.

UNICEF-in ölkə proqramına diqqət çəkən Komitə sədri bildirib ki, bu proqram Azərbaycanda uşaqların inkişafının bütün parametrlərini nəzərə alan və əlaqələndirilmiş sektorlararası prinsipləri əks etdirən mexanizmlərə dəstək verən ciddi bir sənəddir. Bu sənəddə nəzərdə tutulan məsələlər Dayanıqlı İnkişaf Məqsədlərini, eləcə də milli inkişaf priroritetlərini özündə əks etdirən sənədlərin yerinə yetirilməsi, monitorinq və hesabatvermə mexanizmlərinin təkmilləşdirilməsinə töhfə verməsi baxımından əhəmiyyətlidir: “Regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri və qeyri-hökumət təşkilatlarının da layihələrin həyata keçirilməsinə cəlb edilməsi də diqqətəlayiqdir. Çünki bu yerli kadrların indiki halda yaranmış çağırışlara cavab vermək istiqamətində işlərinin effektivliyinin artırılmasına imkan verəcəkdir”. “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-205-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulan məsələlərin bu gün haqqında danışılan sənəddə də əks olunduğunu qeyd edən Komitə sədri ümumilikdə Fəaliyyət Planını yüksək qiymətləndirib.

Edvard Karvardin BMT Uşaq Fondunun Komitə ilə gələcək əməkdaşlıqda maraqlı olduğunu ifadə edərək, birgə tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu bildirib.

O, ötən ilin insanlar üçün müəyyən qədər təhdidlər, çağırışlar yaratdığını bildirərək, xüsusilə də pandemiyanın istər uşaqlara, istərsə də ailələrə böyük təsiri olduğunu və bu təsirin fəsadlarının bu gün də davam etdiyini vurğulayıb: “Baş vermiş hadisələr ailələrin sosial-iqtisadi vəziyyəti ilə yanaşı, onların sağlamlığına da təsir göstərmişdir. Ötən il nə qədər ağır olsa da bizə bir daha göstərdi ki, əgər biz ailənin istər uşaqların psixo-sosial inkişafı, istər müsbət valideynlik, istər erkən uşaqlıq dövrünün inkişafı, istərsə də erkən təhsil imkanları ilə bağlı ailələrin gücləndirilməsinə lazımi qədər investisiya qoyuluşuna nail ola bilsək bunların hamısı uşaqların inkişafına böyük töhfə verəcəkdir.” Müvafiq siyasətin işlənib hazırlanması, tətbiq edilməsi, yeni qanunvericilik aktlarının hazırlanması istiqamətində dövlət tərəfindən lazımi işlərin görüldüyünü vurğulayan BMT rəsmisi göstərilən dəstək və yardımlardan faydalanaraq, ailənin inkişafına diqqətin daha da artırılmasının mühüm olduğunu bildirib.

Daha sonra 2021-2022-ci illərə dair Fəaliyyət Planına diqqət çəkən E.Karvardin bu sənədin müxtəlif istiqamətləri əhatə etdiyini, əməkdaşlıq çərçivəsində birgə işlərin daha da yüksək səviyyədə aparmağa imkan yaradacağını vurğulayıb.

Yekunda Dövlət Komitəsi ilə UNICEF arasında 2021-2022-ci illərə dair Fəaliyyət Planı imzalanıb.