“Vətəni sevək, ona layiq olaq!” layihəsi çərçivəsində növbəti görüş keçirildi

4 may 2021

Paylaş:

4 may 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Vətəni sevək, ona layiq olaq!” layihəsi çərçivəsində Azərbaycan Respublikasının sabiq İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), kimya elmləri doktoru, professor Elmira Süleymanova ilə Uşaq Səfirlər məclisinin üzvləri, eləcə də, respublikanın regionlarından olan istedadı və fəallığı ilə seçilən 100-ə yaxın uşağın iştirakı ilə görüş təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva layihənin əhəmiyyətini qeyd edərək, layihə çərçivəsində ölkənin görkəmli və tanınmış şəxsləri ilə uşaqların görüşünün təşkil edilməsinin uşaqların gələcək inkişafına mühüm töhfə verəcəyini bildirib. O, bu dəfəki görüşdə Elmira Süleymanovanın iştirak etməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, iştirakçıları Elmira xanımın yüksək ictimai-siyasi fəaliyyəti, əldə etdiyi nailiyyətlər, şəxsi və professional keyfiyyətləri haqqında məlumatlandırıb. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında rolu olan lider qadınlardan biri olduğunu vurğulayaraq, onunla bağlı xatirələrini bölüşüb.

Çıxış edən E.Süleymanova Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ənənələrinə sadiq qalan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun şücaəti və qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız Qələbənin xalqımızın hər bir nümayəndəsi tərəfindən böyük fəxarətlə qarşılandığını  qeyd edib. O, eyni zamanda ölkəmizin müstəqillik tarixindən bəhs edərək, müasir Azərbaycanın banisi olan Ulu öndərin mayın 10-da doğum gününün qeyd ediləcəyini xatırladıb, dahi şəxsiyyətin zəngin həyat və fəaliyyətini uşaqların diqqətinə çatdırıb.

E.Süleymanova ombudsman kimi fəaliyyəti dövründə, eləcə də ondan əvvəlki ictimai fəaliyyəti ərzində gördüyü işlər haqqında danışaraq, təcrübələrini bölüşüb. Uşaq liderlik məktəbinin yaradıcısı olan E.Süleymanova həm də iştirakçılara liderlik, uğur qazanmaq və nailiyyət əldə etmənin yollarından bəhs edərək, bu məktəbin lider uşaqların yetişməsində rolu, beynəlxalq tədbirlərdə uşaqlarla birgə Qarabağ və Azərbaycan həqiqətlərinin beynəlxalq tribunalardan səsləndirilməsi ilə bağlı xatirələrindən danışıb. O, eyni zamanda uşaqların ölkənin gələcəyi olduğunu və təhsilin onların gələcəyi üçün əhəmiyyətindən söz açıb.

Görüş zamanı uşaqları maraqlandıran suallar cavablandırılıb, uşaq hüquqları ilə bağlı müxtəlif mövzular üzrə müzakirələr aparılıb.