Prezident tərəfindən təltif edilən qadınlara dövlət mükafatları təqdim edilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 4 may 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 6 mart 2021-ci il tarixli Sərəncamı ilə təltif edilmiş qadınlara dövlət mükafatlarının təqdimatı mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir başlayıb.
Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova tədbir iştirakçılarını salamlayaraq onları təbrik edib. Bütün dünyada olduğu kimi Azərbaycanda da bu ilin sınaqlar ili olduğunu vurğulayaraq bu ildə baş verən hadisələrin həm xalqları, həm də dövlətləri imtahana çəkdiyini, problemlərlə yanaşı nailiyyətlərin də çox olduğunu diqqətə çatdırıb. O, bu ildə pandemiyanın çətinliklərini yaşamaqla bərabər bu dövrdə perspektivlərimizi görməyi, yeni istiqamətlər müəyyənləşdirməyi öyrəndiyimizi və bu imkanları da fürsətə çevirib dəyərləndirdiyimizi qeyd edib.
44 günlük Vətən müharibəsindən bəhs edən B.Muradova, qətiyyətli lider, Müzəffər Ali Baş Komandanımızın dünya ölkələri tərəfindən həlli mümkün olmayan problem kimi təqdim olunan Qarabağ məsələsinin Azərbaycan dövləti və xalqının birliyi, iradəsi, ordunun gücü ilə həll etməyin mümkünlüyünü bütün dünyaya sübut etdiyini bildirib: “Cənab Prezident İlham Əliyevin Azərbaycanı müstəqil dövlət kimi zirvələrə yüksəltməyi qarşıya məqsəd qoyan Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirərək onun “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” şüarını bu gün uğurla həyata keçirməkdədir. Eyni zamanda regionda, o cümlədən türk dünyasında yaşayan xalqlara dinclik, sülh, təhlükəsizlik gətirmək və Azərbaycanı əlverişli əməkdaşlıq məkanına çevirmək istiqamətində ciddi çabalar göstərir”.
Azərbaycan qadınının tarixən ailə dəyərlərimizi qoruyan və inkişaf etdirən, vətənə layiqli vətəndaş, hərtərəfli şəxsiyyətlər yetişdirən insan olduğunu vurğulayan Komitə sədri, ulu babalarımızdan qalan, nəsildən-nəslə ötürdüyümüz milli-mənəvi dəyərlərimizin inkişafında əsas payın Azərbaycan qadınlarının çiyinlərinə düşdüyünü və insan kapitalının formalaşdırılmasına özünəməxsus töhfələr verdiyini diqqətə çatdırıb.
“Bu gün Azərbaycan dövləti insanların hüquq bərabərliyinə hörmət edərək, eyni zamanda, gender bərabərliyi istiqamətində də müvafiq siyasət həyata keçirir. Dövlətimiz ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrində fəaliyyət göstərən və uğur qazanan hər kəsi həm də mükafatlandırır. Hər il olduğu kimi bu il də 6 mart 2021-ci il tarixində ölkə Prezidentinin müvafiq iki Sərəncamı ilə Azərbaycanda ictimaiyyət arasında tanınan, məşğul olduqları sahələr üzrə çoxsaylı uğurlar qazanan qadınlar mükafata layiq görüldülər” deyə B.Muradova qeyd edib.
Çıxışının sonunda Komitə sədri təltif olunan qadınların hər birini ürəkdən təbrik edərək bu mükafatın yeni uğurlara təkan verəcəyinə inandığını bildirib.
Daha sonra Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz sözünü demiş, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadına Prezident təltifləri təqdim olunub. Təltif edilən qadınlar çıxış edərək igid oğullar yetişdirən Azərbaycan qadınına xas mərdlik, qorxmazlıq kimi xüsusiyyətlərindən danışıb, Vətən müharibəsində əldə edilən böyük zəfərimizə, Azərbaycan qadınlarına göstərdiyi diqqət və etimada görə ölkə başçısına minnətdarlıqlarını çatdırıblar.
Həmçinin tədbirdə iştirak edən Dövlət Komitəsi yanında İctimai Şura üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.