“Ailə planlaşdırılması, Reproduktiv sağlamlıq” mövzusunda növbəti tədbir keçirilib

26 aprel 2021

Paylaş:

Yeniyetmə və gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması, təhlükəsiz cinsi davranış vərdişlərinin formalaşdırılması istiqamətində növbəti tədbir 26 aprel 2021-ci il tarixində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin tələbələri üçün onlayn formatda keçirilib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva çıxış edərək, Azərbaycanda ana və uşaqların sağlamlığının mühafizəsinin daha da gücləndirilməsinin, yeniyetmə və gənclərin sağlam nəsil kimi yetişməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirib, ölkəmizdə bu istiqamətdə qəbul edilən qanunlar, dövlət proqramları, həyata keçirilən tədbirlər barədə məlumat verib. K.Əliyeva “Ailə planlaşdırılması, Reproduktiv sağlamlıq” adlı təqdimatla tədbir iştirakçılarına ailə planlaşdırılmasının üstünlüklərindən, reproduktiv sağlamlığın qorunmasına dair ümumi tövsiyələrdən ətraflı danışıb.

Daha sonra Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova yeniyetmə və gənclərdə reproduktiv sağlamlıqla bağlı yaşanan problemlərdən danışaraq,  tələbələrə  gənc yaşlarından səhhətlərinə diqqət etmələrini  tövsiyə etdi.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Yekunda Şirvan Dövlət İqtisadiyyat Kollecin biologiya müəllimi Aidə Əsədova çıxış edərək, mövzu ilə bağlı  fikirlərini bildirib. Tədbirdən 50-ə yaxın tələbə və müəllim heyəti faydalanıb.