Tərtər və Ağcabədidə İcma Resurs Mərkəzləri açılıb

22 aprel 2021

Paylaş:

22 aprel 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və  BMT –nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə Tərtər və Ağcabədi rayonlarında İcma Resurs Mərkəzlərinin açılış mərasimi keçirilib.

Mərasimdə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov, BMTİP-in Rezident Nümayəndəsi  Alessandro Frakassetti və başqaları iştirak ediblər.

Əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin büstü və Şəhidlər Xiyabanını ziyarət edərək dərin ehtiramlarını bildiriblər. Daha sonra  rayon icra başçıları qonaqlara Ermənistanın təcavüzü nəticəsində sivil vətəndaşlara qarşı törədilən terror cinayətləri barədə məlumat veriblər.

Qonaqları salamlayan Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova mərkəzin açılışı münasibətilə iştirakçıları təbrik edib. Sədr müavini bugündən etibarən fəaliyyətə başlayacaq mərkəzlərin icma nümayəndələri, o cümlədən zərər çəkmiş ailələrə dəstək göstərilməsində, onların cəmiyyətə reinteqrasiyasında mühüm rol oynayacağına inamını ifadə edib.

BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti  Azərbaycan hökuməti və bir sıra beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən layihələrdə diqqətin daim həssas qruplara yönəldiyini vurğulayıb. O, mərkəzlərin xüsusilə Tərtər və Ağcabədi rayonlarında açılmasının da zərər çəkmiş vətəndaşlara dəstək göstərilməsi və bərpa məqsədi daşıdığını bildirib.

Tədbirin davamında layihə koordinatoru Fəridə Əmirova qısa təqdimatla çıxış edib.

Çıxışlar dinlənildikdən sonra Tərtər və Ağcabədi sakinləri, eyni zamanda qaçqın və məcburi köçkün ailələri üçün ixtisasartırma təlimlərinin keçirilməsi, psixososial yardımın göstərilməsi ilə bağlı rəy və təkliflər bildirilib, disskusiya aparılıb. Tədbir müzakirələrlə davam edib.

Qeyd edək ki, “Azərbaycanın Füzuli-Horadiz,  Ağcabədi və Tərtər rayonlarında əhalinin ən həssas qruplarının tezliklə bərpa edilməsi və icmanın dayanıqlılığının təmin edilməsi” layihəsi çərçivəsində yaradılan İRM-lər  zərər çəkmiş icmaların ən vacib ehtiyaclarının müəyyənləşdirilməsinə kömək etmək, o cümlədən əsas diqqəti qadın, uşaq və əlilliyi olan şəxslərə yönəltməklə zərər çəkmiş vətəndaşlara biznes məsləhət xidmətləri də daxil olmaqla sosial-iqtisadi bərpa dəstəyinin verilməsi məqsədi daşıyır.