Sosial işçi və psixoloqlar üçün təşkil edilmiş 3 günlük peşəkar inkişaf təlimləri başa çatıb
Paylaş:
19 aprel 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının birgə təşkilatçılığı ilə fövqəladə hal, xüsusi vəziyyət və pandemiya şəraitində ölkəmizdə mövcud olan qadın və uşaq sığınacaqlarında çalışan sosial işçilər və psixoloqlar üçün start verilən təlimlər 20 və 21 aprel 2021-ci il tarixlərində davam etmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional Mərkəzlərlə İş şöbəsinin baş məsləhətçisi Zülfiyyə Sadıqova tərəfindən psixoloqlar üçün uşaqların psixi sağlamlığına təsir göstərən amillər, travmatik stress zamanı psixoloji işin təşkili, uşaqlara qarşı mənfi münasibətin forma və nəticələri, məişət zorakılığı, cinsi zorakılıq halları, uşaqlarla konsultasiya apararkən diqqət yetirilməli məqamlar, uşaqlarda emosiya və davranışın idarə edilməsi üçün istifadə edilən bəzi texnikalar, eləcə də sığınacaqda işləyən psixoloqların psixi sağlamlığının qorunması mövzularında təlimlər keçirilmiş, aktiv müzakirələr aparılmışdır.
Sosial Xidmətlər Agentliyinin əməkdaşı Məftunə İsmayılova sosial işçilər üçün sosial iş və sosial rifah, uşaq müdafiəsi və zorakılığa məruz qalmış uşaqların qiymətləndirilməsi, eləcə də fövqəladə hallarda sosial-psixoloji yardım mövzularında təlimlər keçmiş, müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar cavabladırılmışdır.
Təlimi uğurla bitirən iştirakçılara Dövlət Komitəsi və Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən sertifikat təqdim edilmişdir.