Autizm spektr pozuntusu olan uşaqların cəmiyyətə inkluziyası məqsədilə “Fərqli Fərdlər 2021” konqresi keçirildi

17 aprel 2021

Paylaş:

17 aprel 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də rəsmi dəstəkçisi olduğu “Fərqli Fərdlər 2021” konqresinin açılış mərasimi keçirilib.
Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva autizm spektr pozuntusu olan uşaqların cəmiyyətə inkluziyası məqsədilə keçirilən 3-cü “Fərqli Fərdlər 2021” konqresində iştirak edərək çıxış edib.
C. Rəhmətullayeva çıxışında bildirib ki, bütün dünyada XX əsrin sonları, XXI əsrin əvvəllərindən başlayaraq, autizmin bir spektr olaraq qəbul olunması sahəsində çox böyük maarifləndirmə işləri aparılmış və uğurlar qazanılmışdır. Azərbaycanda da xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək və diqqətin artırılması sahəsində həm dövlət, həm ictimai təşkilatlar, həm də ayrı-ayrı mütəxəssislər tərəfindən böyük maarifləndirmə işi aparılmışdır. C.Rəhmətullayeva xüsusilə qeyd edib ki, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqətində olmaqla autizmli, eyni zamanda daun sindromlu və digər xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün imkanların artırılması, müvafiq şəraitin yaradılması, onların cəmiyyətə daha geniş inteqrasiyası üçün vacib işlər görülməkdədir.
Dövlət Komitəsi və nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən də autizmli insanlarla iş, onların inkluziyası və cəmiyyətə inteqrasiyası istiqamətində mühüm işlərin həyata keçirildiyini diqqətə çatdıran C.Rəhmətullayeva qeyd edib ki, bu insanların xüsusi nəzarətə götürülməsi, onlara daha həssaslıqla yanaşılması vacib faktorlardan biridir və Komitə də bu sahədə işini davam etdirir. Mərkəzlər tərəfindən pandemiya və post müharibə dövründə də psixososial dəstək layihələrinin həyata keçirildiyini vurğulayan Komitə rəsmisi bildirib ki, 157-dən artıq autizm spektr pozuntusu olan uşaq Mərkəzlərin xidmətlərdən bəhrələnir. Autizm kimi digər davranış pozuntusu, ünsiyyət problemi olan uşaqların cəmiyyətə inteqrasiya olunması sahəsində Mərkəzlər geniş fəaliyyət göstərir.
2020-ci ilin iyun ayında ölkə Prezidentinin Sərəncamı ilə qəbul olunmuş 2020-2030-cu illəri əhatə edən Uşaq Strategiyasını xüsusi vurğulayan C.Rəhmətullayeva bildirib ki, bu strategiyadan irəli gələn tədbirlər planında da ən önəmli məsələlərdən biri kimi xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş, bu sahədə erkən müdaxilə və erkən müəyyənləşdirmə xidmətlərinin yaradılmasının vacibliyi öz əksini tapmışdır.
Konqres işini 2 gün davam etdirəcək.