“XXI əsr: milli-mənəvi dəyərlər və gender siyasəti” mövzusunda videokonfrans keçirilib
Paylaş:
Aprelin 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə “XXI əsr: milli-mənəvi dəyərlər və gender siyasəti” mövzusunda videokonfrans keçirilib. Videokonfransda təşkilatçı qurumların rəhbərliyi və əməkdaşları, şəhər və rayon icra hakimiyyətlərinin nümayəndələri, DQİDK və AQUPDK-nun yanında fəaliyyət göstərən İctimai Şuraların üzvləri iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova konfransda giriş nitqi ilə çıxış ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın mövzusuna diqqət çəkərək bildirib ki, milli-mənəvi dəyərlərimiz və gender bərabərliyi mövzusu Azərbaycan xalqının keçdiyi tarixi yolda hər zaman müzakirə mövzusu olub və diqqət mərkəzində saxlanılıb.
Tarixən gender bərabərliyinin xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynadığını vurğulayan Mübariz Qurbanlı qeyd edib ki, bu sahədə Azərbaycan xalqının tarixi köklərinə, mənəvi dəyərlərinə bağlılığı mühüm əhəmiyyətə malikdir.
Komitə sədri Ulu Öndər Heydər Əliyevin gender bərabərliyinin dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılması üçün gördüyü işlərdən danışıb, müasir cəmiyyətimizdə gender zorakılığı hallarının qarşısının alınmasında dahi rəhbərin müdrik siyasətini xüsusi qeyd edib. Vurğulayıb ki, ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Ümummilli Liderin gender bərabərliyi siyasətini yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev bu istiqamətdə mühüm addımlar atmaqdadır.
Komitə sədri bildirib ki, gender sahəsində maarifləndirmə işi həyata keçirilərkən milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz, dinimiz xüsusi rol oynayır. Xalqa, millətə xas olan dəyərlər gender bərabərliyinin təmin olunmasına bilavasitə təsirini göstərir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə qeyd edib ki, gender bərabərliyi kişi və qadınlar üçün bərabər hüquq, vəzifə, imkanlar, o cümlədən cəmiyyətdə bərabər sosial vəziyyətin yaradılmasıdır. Eyni zamanda, gender bərabərliyi dedikdə bərabər təmsilçilik və iştirakçılıq nəzərdə tutulur. Bərabər imkanların isə insan hüquqları, onların bütün formalarının reallaşdırılması üçün yaradılması vacib olan şərait və təminatlardan ibarət olduğunu diqqətə çatdıran Komitə sədri hər bir dövlətin bu məsələ ilə əlaqədar müvafiq siyasət müəyyənləşdirdiyini vurğulayıb. Bildirib ki, bu bərabərliyə nail olmaq üçün ilk növbədə cinsi bərabərsizliyin və ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılmasına nail olmaq lazımdır. Azərbaycan bununla bağlı beynəlxalq Konvensiyalara qoşulub və ondan irəli gələn öhdəliklərini öz qanunvericilik aktlarına daxil edib və bir cinsin nümayəndələrinin üstünlüyünün təmin olunmasına qarşıdır, həmçinin real həyatda bunu aradan qaldırmağa çalışır. Hüquqi çərçivələrin müəyyənləşməsində cəmiyyətin malik olduğu milli-mənəvi dəyərlərin, adət-ənənələrin, mentalitetin nəzərə alınmasının əhəmiyyətinə toxunan B.Muradova ölkəmizdə bütün qanunların qəbulu zamanı həm gender bərabərliyinin təmin olunması üzrə çərçivələrə əməl edildiyini, həm də milli-mənəvi dəyərlərin müəyyənləşdirdiyi məqamların hüquqi çərçivələrlə uzlaşdığını söyləyib.
Bu ilin İSESCO tərəfindən dünyada “Qadınlar ili” kimi qeyd olunduğunu vurğulayan Komitə sədri təşkilatın toplantısında çıxış edən Birinci-vitse prezident Mehriban xanım Əliyevanın gender bərabərliyi sahəsindəki hədəflərə dair ölkəmizin mövqeyini ifadə etdiyini bildirib.
Daha sonra Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Tarix və müasirlik kontekstində milli-mənəvi dəyərlər və qadın hüquqları” mövzusunda çıxış edib. Tarixin müxtəlif mərhələlərində qadın və kişilərə qarşı münasibətlərin formalaşmasına özünəməxsus formada təsir edən dini inanclar, dünyagörüşü aspektlərinə toxunan Aqil Şirinov başqa dinlərdən fərqli olaraq İslam təfəkküründə ilk gündən qadına yüksək dəyər verilməsinin Quran-i Kərimdə bunun öz təsdiqini tapdığını qeyd edib: “Feodal quruluşlardan fərqli olaraq bu gün inkişaf edən kapitalizm dünyasında bütün dinlərdə, o cümlədən İslam dinində qadına münasibət tamamilə başqa formada özünü biruzə verir. Artıq sənaye və postsənaye dövrünün tələblərinə uyğun olaraq qadın yalnız ana və ev işləri ilə məşğul olan biri kimi deyil, həm də cəmiyyətin müxtəlif sahələrində iştirak edən bir varlıq kimi qəbul edilir”. Ölkəmizdə qadına verilən dəyərdən bəhs edən rektor tarixən digər türk cəmiyyətlərindən fərqli olaraq Azərbaycanda qadına daha mütərəqqi bir münasibət olduğunu bildirib.
“İslamda qadın hüquqları və gender bərabərliyi” mövzusunda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı isə İslamın qadına qazandırdığı hüquq və azadlıqlar, İslamda qadınların təhsilli olmasının əhəmiyyəti kimi vacib məqamlara toxunub. Bu məqsədlə cəmiyyətdə dini maarifləndirmənin, xüsusilə İslamda ailə dəyərləri, qadının mövqeyi, ona verilən dəyər mövzusunda təbliğatın aparılmasının vacibliyini bildirən Q.Cavadlı dini icmaların qadın hüquqlarının qorunmasındakı rolu və din xadimlərinin üzərlərinə düşən missiyanı uğurla həyata keçirməsi barədə danışıb. Bildirib ki, bu gün Azərbaycanda qadınların rəhbərlik etdiyi müsəlman dini icmaları mövcuddur ki, onlar böyük maarifçilik və xeyriyyəçilik işləri aparırlar.
AQUPDK-nun İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “Gender bərabərliyinin təmin edilməsi: problemlər, nailiyyətlər, inkişaf məqsədləri və yeni çağırışlar” mövzusunda təqdimatla çıxış edərək bir sıra statistik məlumatlar paylaşıb. Şöbə müdiri, eyni zamanda məişət zəminində fiziki, cinsi, psixoloji zorakılıq, iqtisadi asılılığın yaradılması, intihar, selektiv abortlar, cinsi ayrı-seçkilik, uşaq nikahları və alimentlərin ödənilməməsi kimi bir sıra problemlərə toxunub, eləcə də onların həlli yolları barədə danışıb.
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova “Milli-mənəvi dəyərlərimizin qorunmasında qadınların yeri və rolu” mövzusunda danışaraq bildirib ki, müasir dünyamızda istənilən cəmiyyətin sürətli inkişafının əsas amillərindən biri həmin cəmiyyətdə qadının ictimai fəallığı və buna yaradılan şəraitdən çox asılıdır. Qadınların istər ailədə, istərsə də cəmiyyətdəki layiqli mövqeyi ilk növbədə həmin cəmiyyətin yüksək mənəvi keyfiyyətinin, o cümlədən inkişafının və xoşbəxt gələcəyinin göstəricisidir. E.Kərimova, eyni zamanda milli-mənəvi dəyərlər sistemimizin təşəkkülündə və yaşadılmasında qadınların xüsusi roluna toxunub.
Videokonfrans müzakirələrlə davam etdirilib.