“İntihar çıxış yolu deyil ”adlı onlayn görüş keçirilib
Paylaş:
12 aprel 2021-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) və Qəbələ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İntihar çıxış yolu deyil” adlı onlayn görüş keçirilib.
Görüşdə Qəbələ UADM-nin sosial iş üzrə mütəxəssisləri, Qəbələ RİH-in nümayəndəsi Anar Şirinov, rayon İcra Hakimiyyəti yanında uşaqlarla iş üzrə məsləhətçi psixoloq Mələkxanım İsayeva, kənd icma ərazi nümayəndəsi, İsmayıllı UADM-nin psixoloqu Ülkər Məhərrəmova, Gənclər və İdman İdarəsinin rəhbəri Fəxri Soltanov, məktəb müəllimləri və psixoloqları iştirak edib.
Görüş zamanı intihar hallarının qarşısını almaq üçün ailə, məktəb, cəmiyyət və dövlət səviyyəsində məqsədyönlü tədbirlərin görülməsindən danışılıb. Müzakirə zamanı intihara cəhd edənlər üçün psixoloji dəstəyin vacibliyi qeyd edilib və bildirilib ki, psixi pozuntularla bağlı güclü sarsıntı yaşayanlar psixiatr və psixoloqlara vaxtında müraciət etməlidir.
Görüşdə uşaq və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsinin önəmi və onların maraqlandıqları sahələr üzrə məşğuliyyətə cəlb edilməsinin əhəmiyyəti xüsusilə qeyd edilib.
Sonda iştirakçılara maarifləndirici bukletlər təqdim edilib.