Fəaliyyət Planının həyata keçirilməsi üzrə işçi qrupun iclası keçirilib
Paylaş:
06 aprel 2021-ci il tarixində 17 qurumun iştirakı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı yaradılmış işçi qrupun ilkin iclası keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva tədbiri giriş sözü ilə açaraq Fəaliyyət Planının 4-cü bəndinin icrası istiqamətində dövlət qurumlarının koordinasiyalı fəaliyyətinin effektiv nəticələrin əldə olunmasında əhəmiyyətini qeyd edib. O, eyni zamanda sənədin icrasının təmin edilməsi üçün həyata keçirilən tədbirlər, normativ-hüquqi bazanın təkmilləşdirilməsi baxımından hazırlanan sənədlər haqqında məlumat verib.
Daha sonra işçi qrupun üzvləri Fəaliyyət Planının icrası istiqamətində 2021-ci ildə həyata keçiriləcək tədbirlərlə bağlı fikirlərini bölüşüblər, rəy və təkliflərini bildiriblər. Görüş müzakirələrlə davam edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Planı üzrə bir sıra tədbirlərin icrası, ümumilikdə nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi, habelə onların icrasının gedişi barədə Dövlət Komitəsi tərəfindən hesabatlar hazırlanır. Fəaliyyət Planının 4-cü bəndinin uğurla həyata keçirilməsi üçün əlaqələndirici dövlət orqanı tərəfindən uşaqların müdafiəsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi üzrə işçi qrup yaradılıb.