Tovuzda “Qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək layihəsi” çərçivəsində təlim keçirilib

25 fevral 2021

Paylaş:

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Sağlam Həyat Naminə” İctimai Birliyinin birgə əməkdaşlığı və “British Petroleum” Şirkətinin maliyyə dəstəyi ilə 2020-ci ildən başlayaraq Tovuz rayonunda “Qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək məqsədi ilə İcmada Ailəyə Dəstək Klubunun yaradılması” adlı layihə həyata keçirilir.

Layihə çərçivəsində ötən il Tovuz rayonunda 22 qadına biznes fəaliyyətinə başlaması və mövcud bizneslərin gücləndirilməsi üçün qeyri-pul şəklində maddi dəstək göstərilib, qadınlar  biznes planına uyğun olaraq  avadanlıqlarla təmin olunub.

2021-ci ildən başlayaraq layihənin həssas qrupdan (şəhid, qazi və müharibə iştirakçılarının ailələrindən) olan qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək məqsədilə davam etdirilməsi nəzərdə tutulmuşdur.

2021-ci ilin yanvar ayında məşğulluğuna dəstək göstərilməsi məqsədilə seçilmiş qadınlar üçün “Özünü təqdim etmə bacarıqları”, “Liderlik bacarıqlarının inkişaf etdirilməsi”, “Gender bərabərliyi və insan hüquqları”, “Erkən nikah və məişət zorakılığı” “Maliyyə savadlılığı”, “Ailə büdcəsinin idarə olunması”, “Biznesin təşkili və idarə olunması” mövzularında təlimlər keçirilib. Təlimlərdə 35 nəfər iştirak edib.

Təlimlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova, “Sağlam Həyat Naminə” İctimai Birliyinin sədri Sədaqət Hüseynova və ekspert Habil Niftalı təlimçi qismində iştirak edərək, qadınların müvafiq mövzuda məlumatlandırılması məqsədilə təqdimatlarla çıxış ediblər.